Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Elektron ipoteka kalkulyatoru istifadəyə verilib
Azərbaycanda ipoteka kreditlərini hesablamaq üçün elektron kalkulyator yaradılıb. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, sözügedən kalkulyator «Banker.az» portalı tərəfindən istifadəçilərə təqdim olunan kredit kalkulyatorlarından biridir. Onun vasitəsilə istifadəçilər ilkin ödənişi, ilkin faizi, aylıq ödənişi və sairəni tam, aydın hesablaya bilərlər.
Kalkulyator vətəndaşlara müddətdən asılı olaraq ödənişlərinin necə dəyişdiyini görməyə köməklik göstərəcək. Qeyd edək ki, «Banker.az» portalında yerləşdirilmiş kalkulyator vasitəsilə istifadəçilər Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə verilən ipoteka kreditləri və güzəştli ipoteka kreditləri üzrə hesablamalar apara bilər.
Ölkəmizdə İpoteka fondu xətti ilə ipoteka krediti verən banklar kifayət qədərdir. İpoteka krediti almaq istəyənlər də həmçinin. Əhalinin əksəriyyəti məhz AİF xətti ilə ipoteka kreditini almağa maraqlıdı. Portaldan bildirilib ki, bunun əsas səbəbi bankların öz hesabına verdikləri ipoteka krediti ilə müqayisədə AİF xətti ilə alınan ipoteka kreditlərinin illik faizinin kifayət qədər aşağı olmasıdır.
AİF xətti ilə alınan kreditlərdə göstəricilər bütün banklarda eynidi. Belə ki, İpoteka fondu hesabına verilən ipoteka kreditlərinin faiz dərəcəsi illik 8%-dir və bu krediti siz 25 ilə qədər götürə bilərsiniz, maksimal məbləğ isə 50 000 AZN.
Bundan əlavə hərbçilərə, qaçqınlara, əlil ailələrinə və s. şəxslərə İpoteka fondu xətti ilə güzəştli kredit də verilir ki, bu kredit 30 ilə qədər və illik 4% verilir.
Qeyd edək ki, AİF xətti ilə alınan kreditlər üzrə maksimum illik faiz dərəcəsi 8%-dir. Belə ki, əgər kalkulyatora 8%-dən yuxarı hər hansı faiz dərəcəsini əlavə etsəniz, kalkulyator sadəcə hesablamanı yerinə yetirməyəcək.
Məsələn, istifadəçi 8% əvəzinə 15% yazsa, "hesabla" düyməsinə sıxsa, kalkulyator illik faizin səhv olduğunu bildirəcək və göstəriciləri hesablamayacaq.
SEYMUR
17/04/13 Çap et