Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərbaycanda “elektron hökumət” üçün təlim mərkəzinin yaradılması” layihəsi üzrə Koreya ilə qrant razılaşması imzalanıb


"Azərbaycanda "elektron hökumət" üçün təlim mərkəzinin yaradılması" layihəsi üzrə "Koreya Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında Qrant razılaşması" imzalanıb.

Sənədi rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Koreyanın Azərbaycandakı səfiri Çoi Suk-İn imzalayıb. Qeyd edək ki, layihə çərçivəsində Bakı şəhərində və Gəncə, Naxçıvan, Sumqayıt, Mingəçevir, Bərdə, Lənkəran, Qazax, Zaqatala, İmişli, Qəbələ, Göyçay, Şirvan, Şamaxı, Quba, Şəki daxil olmaqla on beş (15) bölgədə təlim mərkəzləri yaradılacaq.

Təlim mərkəzlərində Koreya mütəxəssisləri tərəfindən xüsusi təhsil informasiya sistemi quraşdırılacaq və zəruri avadanlıqlarla təmin olunacaq. Dövlət qulluqçuları bu mərkəzlərdə bilavasitə təlim kurslarında iştirak edə biləcək, eyni zamanda mərkəzin distant təhsil xidmətlərindən yararlanacaqlar.

Layihə çərçivəsində təlim mərkəzinin fəaliyyətinin təşkili, elektron təlim materiallarının hazırlanması üzrə təcrübə əldə etmək üçün yerli mütəxəssislər Koreyada təlim kursları keçəcəklər. Azərbaycanda "elektron hökumət" üçün təlim mərkəzinin yaradılması dövlət qulluqçularına İKT-nin tətbiqi sahəsində yeni praktik bilik və bacarıqların əldə edilməsinə imkan yaradacaq.

Mərkəz dövlət idarəçiliyində və respublikanın ictimai həyatının digər sahələrində e-hökumət ideyalarının tətbiqinə, informasiya cəmiyyətinin inkişafına, elektron biliklərin ümumi səviyyəsinin yüksəldilməsinə, elektron xidmətlərin artmasına xidmət edəcək.




18/04/13    Çap et