Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqda müqaviləyə qoşulub


Azərbaycan Milli Məclisinin bugünkü iclasında "Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında" müqavilənin təsdiq edilməsi barədə qanun layihəsi müzakirə edilib.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, layihənin təqdimatını Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev keçirib və Azərbaycanın kosmosa peyk göndərdiyini nəzərə almaqla qanunun qəbulunun ölkə üçün zəruri olduğunu bildirib.

Bundan sonra qanun layihəsi səsverməyə çıxarılıb və səs çoxluğu ilə qəbul edilib.

Qeyd edək ki, bu müqavilə 1967-ci ildən qüvvəyə minib, dünya ölkələrinin əksəriyyəti bu sənədə qoşulub. Müqavilənin əsas məqsədi, kosmik fəzanın istisnasız olaraq sülh məqsədi ilə tədqiq edilməsi, bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və səma cisimlərinin işğalı qadağan etməkdir.




19/04/13    Çap et