Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Brüsseldə Avropa Komissiyasının yeni yaradılan “HORİZON 2020” proqramı müzakirə edilib
Belçikanın Brüssel şəhərində Avropa Komissiyasının (AK) "Marie Curie" proqramının 14-cü iclası keçirilib. İclasda Avropa Komissiyasında yeni yaradılan "HORİZON 2020" ("Tədqiqat və innovasiya çərçivəsində proqram"ı (Framework Programme for Research and Innovation) proqramı haqqında məlumat verilib və proqram çərçivəsində fəaliyyət göstərəcək "Marie Curie" əməkdaşlıq layihəsinin detalları müzakirə olunub.
AMEA-dan verilən məlumata görə, sözügedən iclasda Azərbaycanı AMEA Xarici əlaqələr şöbəsinin müdiri, Avropa Komissiyasının ən böyük "Tədqiqat və Texnoloji İnkişaf Çərçivə Proqramı" - FP7-nin (Research&Development Framework Program) koordinatoru, professor Ədalət Həsənov və AMEA Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, Avropa Komissiyasının (AK) "Marie Curie" (Mariya Küri) proqramının milli əlaqələndiricisi Mehrac Abbasov təmsil edib.
Tədbir zamanı Avropa Komissiyasında layihələrin qiymətləndirilməsi mexanizmi haqqında geniş seminar da keçirilib. Akademiyadan bildirilib ki, səfər zamanı Türkiyə, Belçika, Moldova, Avstriya, İtaliya və s. ölkələrin təmsilçiləri ilə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
Qeyd edək ki, tədqiqat və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı daha da inkişaf etdirmək məqsədi ilə AB Komissiyası 2014-2020-ci illər üçün yeni strategiya işləyib hazırlayıb. Bu strategiya, ilk növbədə Avropa Birliyinin strateji prioritetlərini nəzərə almaqla yanaşı, eyni zamanda AB tədqiqatlarına Avropadan kənar ölkələrin cəlb edilməsi, Avropanın tədqiqat və innovasiya baxımından ən əlverişli məkana çevrilməsi üçün şərait yaradır.
Yeni strategiya 2014-cü ildən başlayaraq, 7-ci Çərçivə Proqramının davamı olan "HORİZON 2020" Tədqiqat və innovasiya proqramı vasitəsilə həyata keçiriləcək. "HORİZON 2020" beynəlxalq əməkdaşlığı tam dəstəkləyərək sosial problemlərin həllinə və sənaye texnologiyalarının inkişafına xüsusi diqqət yetirir.
Həqiqət İSABALAYEVA
20/04/13 Çap et