Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gənc alimlərin Beynəlxalq Bakı Forumu”nda texnika, nanotexnologiyalar, İKT sahəsində yeni işlər müzakirə ediləcək


20-25 may 2013-cü il tarixlərində Bakıda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Avropa məkanında yeni çağırışlar: Gənc alimlərin Beynəlxalq Bakı Forumu” keçiriləcək. Forum Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı və EURODOC - Avropa Gənc Alimlər Şurasının təşkilati dəstəyi ilə keçirilir.

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, forumun keçirilməsində əsas məqsəd Avropanın gənc alimləri arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulması, qarşılıqlı və birgə elmi tədqiqatların aparılması üçün şəraitin yaradılması, Avropa gənc alimləri, elmi tədqiqatçıları arasında şəbəkənin genişləndirilməsi və Azərbaycan alimlərinin Avropa elmi mühitinə inteqrasiyasının intensivləşdirilməsindən ibarətdir.

Qeyd edək ki, forum çərçivəsində tədbirin rəsmi açılış mərasimi, “Kəsişən maraqlar: Avropalı gənc alimlərin yeni elmi istiqamətlərinin nəzəri əsasları - yanaşmalar, nəticələr” mövzusunda plenar sessiyalar keçiriləcək.

Eyni zamanda texniki elmlər, o cümlədən texnika, nanotexnologiyalar, İKT sahəsində yeni işlər, iqtisadiyyat və sosiologiya üzrə elmin iqtisadi inkişafı, problemlər və yeni metodlar, alimlərin biznes və iqtisadi strukturlarla əməkdaşlığı və inteqrasiya, yer elmləri sahəsində Avropa alimlərinin əldə etdikləri nəticələr; biomüxtəliflik və s. mövzuları əhatə edən paralel sessiyalar keçiriləcək.

Foruma Avropa Gənc Alimlər Şurası - EURODOC-a üzv olan Avropanın 35 ölkəsindən və 2 müşahidəçi ölkədən ümumilikdə 200-dək gənc alim qatılacaq. Eyni zamanda tədbirdə Avropanın tanınmış alim və professorlarının da ekspert qismində iştirakı nəzərdə tutulub.

Forumda iştirak etmək istəyən azərbaycanlı iştirakçılar - gənc alim və tədqiqatçılar müvafiq mövzulara uyğun tezisləri (Azərbaycan və ingilis dillərində, 3 səhifədən çox olmamaq şərti ilə) “bakuconference2013@gmail.com” elektron ünvanına göndərməklə qeydiyyatdan keçməlidirlər. Azərbaycanlı iştirakçıların qeydiyyatı 5 may 2013-cü il tarixinədək davam edəcək.

Nazirlikdən bildirilib ki, forumda iştirakçı qismində yalnız 42 yaşa qədər alim və tədqiqatçılar iştirak edə bilər.

HƏQİQƏT




22/04/13    Çap et