Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda piratçılığın səviyyəsi müxtəlif seqmentlər üzrə 9-28 faiz azalıb
Bakıda Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibəti ilə simpozium keçirilir. Tədbirdə çıxış edən Azərbaycan Müəllif hüquqları agentliyinin rəhbəri Kamran İmanov bildirib ki, ölkədə müntəzəm olaraq müəllif hüquqları sahəsində qanunvericilik və normativ hüquqi baza təkmilləşdirilir.
"Hazırda agentlik 5 qanunun inzibati idarəçiliyini həyata keçirir. Yaxın vaxtlarda "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanunun tətbiqinə baslanılacaq". K. İmanovun sözlərinə əsasən, Azərbaycanda könüllü qeydiyyat sistemi tətbiq edildikdən bu günədək 5840 müəllifə məxsus 8765 əsər qeydiyyatdan keçirilib.
"Ölkədə hazırlanmış xüsusi metodika əsasında müəllif hüququ və əlaqəli hüquqlara əsaslanan "kreativ sənaye"nin ümumi daxili məhsulda payı son 6 il ərzində iki dəfə artaraq 4,5% -ə çatıb. Azərbaycanda piratçılığın səviyyəsi müxtəlif seqmentlər üzrə 9-28% azalıb və hazırda kitab bazarında piratçılığın səviyyəsi 33%, audio-video məhsullar bazarında 68%, proqram təminatı sahəsində 87% təşkil edir. Hər il agentlikdə yaradılmış "qaynar xətt"ə 700 müraciət daxil olur və araşdırılır. Ötən il ərzində agentlikdə fəaliyyət göstərən "Hüquq məsləhətxanası"na 500-dən çox vətəndaş müraciət edib",- deyə K. İmanov bildirib.
Tədbir çərçivəsində erməni saxtakarlıqlarını ifşa edən qısametrajlı film nümayiş etdirilib.
Aynur Vəliyeva
23/04/13 Çap et