Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ƏMDK elektron portalı ictimaiyyətə təqdim edib


Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) elektron portalı ictimaiyyətə təqdim edib. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, komitə aparatının rəhbəri İlqar Nəbiyev bildirib ki, əsas məqsədləri ƏMDK-nın vahid elektron portalda cəmləşdirilmiş elektron xidmətləri barədə vətəndaşların və biznes qurumlarının məlumatlandırılması, ictimai agahlıq və izahat işlərinin aparılmasıdır.

Komitənin göstərdiyi elektron xidmətlər, eləcə də yeni istifadəyə veriləcək 9 elektron xidmət haqqında məlumat verən aparat rəhbəri deyib ki, elektron xidmətlərin tətbiqi dövlət orqanları tərəfindən əhaliyə xidmət prosesində məmur-vətəndaş ünsiyyətini şəffaflaşdırmağa, vaxta qənaət etməyə, prosedurları sadələşdirməyə imkan verir.

Onun sözlərinə görə, bu işlərin davamı olaraq ƏMDK-nın fəaliyyət sahələri üzrə təşkil edilmiş elektron xidmətlərdən əhalinin daha çevik və rahat istifadə etməsi məqsədilə vahid portalda (e-emdk.gov.az) cəmləşdirilib. Komitənin fəaliyyət sahələri üzrə təşkil edilmiş 13 elektron xidmətlərlə bağlı bölmələr bu portalda yerləşdirilib.

Portalda həmçinin qanunvericilik və inzibati reqlamentlər, ərizə formaları, dövlət rüsumu haqqında, xidmət haqqı tarifləri, elektron imza, videoçarxlar, nəşrlər, statistik məlumatlar kimi bölmələr, elektron xidmətlərdən istifadə qaydalarını əks etdirən materiallar və videoroliklər yerləşdirilib:

«ƏMDK-nın təqdim etdiyi elektron xidmətlər portalı vətəndaşlarla komitənin qurumları arasında şəffaf və maneəsiz əlaqə yaradılması, vətəndaşların müxtəlif istiqamətlər üzrə vahid məkanda, yığcam və çevik elektron xidmətlər əldə edilməsinə şərait yaradır».

Portalda informativ və interaktiv tipli elektron xidmətlərin təqdim olunduğunu söyləyən İ.Nəbiyev bildirib ki, komitə tərəfindən 2012-ci ilin mayından etibarən elektron xidmətlərin tətbiqinə başlaması nəticəsində qeydiyyat müddətləri əsaslı şəkildə azaldılıb, vətəndaşlar təkrar qeydiyyatla bağlı sənədləri 7 gün ərzində, əmlak barədə arayışları 1-5 gün ərzində əldə etmək imkanına malikdirlər.

Elektron xidmətlərin tətbiqindən indiyədək keçən vaxt ərzində 3500-dən artıq müraciət daxil olub və baxılıb. Portal vasitəsilə elektron xidmətlərə çıxış rahat və sərbəstdir, eləcə də burada xidmətlərə görə şəffaf və çevik ödəniş imkanları təqdim olunur.

SEYMUR




23/04/13    Çap et