Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

E-imza məlumatlarının məxfiliyi pozulduqda nə etməli?


Bir neçə hallarda imza yaratma məlumatlarının məxfiliyinin pozulması kimi qiymətləndirilən hadisələr baş verə bilər. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, vətəndaşlar bu kimi hallarla qarşılaşdıqda imza sahibi 3 (üç) saat ərzində Milli Sertifikasiya Xidmətləri Mərkəzinə yazılı müraciət etməklə məlumat verməli və ya 157 çağrı xidmətinə zəng edib operator tərəfindən verilən gizli sualı cavablandırmaqla müraciət etməlidir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi bildirir ki, imza yaratma məlumatlarının məxfiliyinin pozulması kimi qiymətləndirilən hallar aşağıdakılardır:

1. imza yaratma məlumatları daşıyıcısı itdikdə;

2. imza yaratma məlumatları daşıyıcısı itdikdə və sonradan tapıldıqda; 3. informasiya sistemində konfidensial informasiyanın sızmasına və ya təhrif olunmasına ciddi şübhələr olduqda;

4. imza yaratma məlumatları daşıyıcılarının saxlandığı vasitələrə müdaxilə əlamətləri və ya şübhələr olduqda;

5. imza yaratma məlumatları və onların aktivləşdirilməsi kodu digər şəxslərə bəlli olduqda;

6. imza yaratma məlumatlarının yaradılmasında iştirak etmiş əməkdaşlar işdən çıxdıqda.


Bu cür problemlərlə qarşılaşan vətəndaşlar gizli suallara cavab verdikdən sonra onların üzləşdikləri çətinliklər tez bir zamanda aradan qaldırılır. SEYMUR




23/04/13    Çap et