Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan Sinqapurda keçirilən “TD-LTE” sammitində təmsil olunur
Qlobal telekommunikasiya sammitlərinin təşkilatçısı olan "İnforma Telecoms" və Media qurumu dünyanın öndə gələn İKT şirkətlərinin təmsilçilərini Sinqapura toplayıb.
Aprelin 23 və 24-də keçiriləcək sammit 2013-cü ildə TD-LTE texnologiyalarının gələcək tətbiqinin və yayılmasının müzakirəsinə həsr onlunmuş ilk qlobal mərasimdir. Dünyanın 150 ölkəsindən 40-a yaxın İKT peşəkarları və liderləri simsiz genişzolaqlı texnologiyaların növbəti nəsli sayılan TD-LTE ekosisteminin reallaşdırılma imkanları və LTE-yə miqrasiya etməklə operatorların mövcud şəbəkələrini genişləndirmə yolları haqqında məruzələr edəcəklər. Bu mötəbər sammitə dəvət olunanlar arasında "AzQtel" şirkətinin prezidenti Ceyhun Mollazadə də sammitin ilk günü məruzə ilə çıxış edəcək.
Sammitin rəsmi veb-səhifəsinə müsahibə verən C.Mollazadə Azərbaycanda "Mobil WiMax" texnologiyası əsasında İnternet xidmətləri göstərən şirkətin rəhbəri kimi TD-LTE texnologiyasının üstünlüklərindən və yerli operatorların həmin texnologiyaya mümkün keçid yolları haqqında danışıb.
Ceyhun Mollazadənin sözlərinə görə, LTE texnologiyası əhatə dairəsi, əlavə xidmətlər və abunə bazasını genişləndirməyə imkan verən daha güclü texnologiyadır.
O qeyd edib ki, "Wimax" və LTE texnologiyaları paralel olaraq da inkişaf edə bilərlər. Onun sözlərinə görə, hələlik Azərbaycanda rəsmi olaraq LTE-nin tətbiqinə başlanılmasa da, 2013 və 2014-cü illərdə bəzi İKT şirkətlərinin öz şəbəkələrini bu texnologiya üzərində qurması gözlənilir.
"Sazz" brendi altında ölkə əhalisinə "Mobil Wimax" texnologiyasına əsaslanan İnternet xidmətləri göstərən "AzQtel"-in LTE texnologiyasına miqrasiya etməsinə gəlincə isə, Ceyhun Mollazadə deyib ki, şirkət bu məsələni diqqətlə analiz etmək niyyətindədir. Yeni nəsil mobil və internet texnologiyası kimi tanınan TD-LTE artıq Avropa və Asiyanın müəyyən qismində tədricən tətbiq olunmağa başlayıb.
Qeyd edək ki, Ceyhun Mollazadə bir müddət əvvəl Yaxın Şərq və Afrika ölkələrinin iştirakı ilə Dubayda keçirilən "Broadband MEA 2013" konfransında da məruzəçi qismində Azərbaycanı təmsil etmişdi. Bundan başqa "Sazz 4G İnternet" aprelin 23-26-da Minsk şəhərində keçiriləcək "TİBO-2013" XX Beynəlxalq telekommunikasiya, rabitə, təhlükəsizlik, informasiya və bank texnologiyaları üzrə ixtisaslaşdırılmış sərgi və II Azərbaycan-Belarus informasiya-kommunikasiya texnologiyaları forumuna da qatılacaq.
Azərbaycanda "Mobile WiMAX" texnologiyası əsasında qurulmuş "Sazz 4G" genişzolaqlı simsiz İnternet xidməti 2010-cu ildə "AzQtel" şirkəti tərəfindən istismara verilib. Bakı, Xırdalan, Abşeron yarımadasının böyük qismi, Sumqayıt, Mingəçevir, Gəncə şəhərlərini əhatə edən "Sazz İnternet" Quba, Qusar, Şəki, Zaqatalada da fəaliyyət göstərməyə başlayacaq.
RƏVAN
23/04/13 Çap et