Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Təhlükəli veb-hücumların əsas mənbəyi məlum oldu
Məzmun tədarükü üzrə dünyanın ən böyük operatoru “Akamai Technologies” şirkəti “The State of Internet, 2012” adlanan hesabat dərc edib. Hesabata əsasən, Çin zərərli trafikin ən böyük mənbəyi olaraq qalır.
Belə ki, “Akamai” şirkətinin müştərilərinə edilmiş hücumların 41%-i adıçəkilən ölkə ərazisindən həyata keçirilib. Şirkətin hesabatına əsasən, 2012-ci ildə zərərli fəallıq nəzərəçarpacaq dərəcədə artıb, “DDoS” hücumların sayı isə 2011-ci illə müqayisədə 3 dəfədən çox artıb.
“Akamai” şirkəti 2012-ci ildə 768 iri “DDoS” hücumla qarşılaşıb ki, bu da ötən ilin göstəricisini 3 dəfə ötür. “ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, hesabata əsasən, 2012-ci ilin son rübündə Çin “DDoS” hücumların təşkili üzrə lider olub. ABŞ ikinci yerdə qərarlaşıb. "2012-ci ilə nəzər saldıqda əminliklə demək olar ki, Çin hücumların əsas mənbəyi olub" – “Akamai”-dən bildirilib.
Bundan başqa, “CDN” operatorunun hesabatında deyilir ki, hazırda internetdə təxminən 700 milyon unikal İP ünvan fəaliyyət göstərir ki, bu da 2012-ci ilin üçüncü rübü ilə müqayisədə 2.4% çoxdur. 2012-ci ilin son rübündə internet qoşulmanın orta sürəti 5% artaraq 2.9 Mbit/s olub. Şirkətin məlumatına əsasən, ötən ilin son rübündə mobil trafikin həcmi 28% artıb.
Emil Hüseynov
24/04/13 Çap et