Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ədliyyə Nazirliyi yeni elektron xidmət istifadəyə verib


Ədliyyə Nazirliyinin "İcra qurumları və onlar tərəfindən hərraca çıxarılan əmlaklar, eləcə də dəyəri 500 manatdan artıq olmayan daşınar əmlakın satışı üzrə ticarət şəbəkələri haqqında məlumatın verilməsi" xidməti "Elektron hökumət" portalına inteqrasiya edilib.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, elektron xidmət vasitəsilə vətəndaşlar respublika ərazisində fəaliyyət göstərən icra qurumlarının dislokasiyası, xəritədə yerləşmə mövqeyi, məsul şəxsləri, telefon nömrələri, iş günləri və saatları, məhkəmə və ya digər orqanın qərarının icrası ilə bağlı üzərinə həbs qoyulmuş və müvafiq qaydada qiymətləndirilərək satılması üçün hərraca çıxarılmış əmlakın tipi, adı, texniki göstəriciləri, qiyməti, hərracdan alınması üçün şərtlər, hərracın keçiriləcəyi yer, eləcə də dəyəri 500 manatdan artıq olmayan daşınar əmlaklarının satışı üzrə ticarət şəbəkələrinin adları, məsul şəxsləri, ünvanları, telefon nömrələri, iş günləri və iş saatları barədə ətraflı məlumatlar əldə edə bilərlər. İnformativ növlü elektron xidmətin göstərilməsi üçün hər hansı sənədin təqdim edilməsi tələb olunmur.

Xidmətin yerinə yetirilməsinə nəzarət Ədliyyə Nazirliyinin İcra baş idarəsi tərəfindən həyata keçirilir.

Qeyd edək ki, sözügedən elektron xidmət Ədliyyə Nazirliyinin "Elektron hökumət" portalı vasitəsilə ictimaiyyətin istifadəsinə verilən sayca beşinci e-xidmətidir. Belə ki, bundan öncə "Azərbaycan adları barədə məlumatın verilməsi", "Notariat kontorları və notariat hərəkətlərinin aparılması barədə məlumatın verilməsi", "Qeydiyyat orqanları və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının aparılması barədə məlumatın verilməsi" və "İcra orqanları tərəfindən hərraca çixarılan əmlaklar barədə məlumat" xidmətləri portala inteqrasiya edilib.

CAHANGİR




25/04/13    Çap et