Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu gün dünyada “İKT-də qızlar günü” qeyd edilir


Bu gün, İKT-nin qlobal miqyasda qızlar üçün yaratdığı imkanları nümayiş etdirmək məqsədi ilə 100-dən çox ölkədə hökumət, özəl sektor və QHT-lər tərəfindən tədbirlərin keçirilməsi gözlənilir.

“ICTnews” xəbər xidmətinin verdiyi məlumata əsasən, Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) dünyada qızların İKT sahəsinə olan marağının azalmasını nəzərə alaraq onların bu sahədə iştirakını və rolunu artırmaq məqsədi ilə 2010-cu ildə ilk dəfə “İKT-də qızlar günü” elan edib və hər il aprel ayının dördüncü cümə axşamı günü bu gün qlobal səviyyədə keçirilir. Bu günün əsas məqsədi dünyanın bir çox ölkələrində qızlara və qadınlara texnologiya ilə bağlı biliklər aşılamaq və texnologiyalar sahəsində karyera qurmaq imkanlarını təqdim etməkdir.

Bu gün bununla bağlı Brüsseldə BTİ xüsusi tematik konfrans çərçivəsində qadınların İKT sahəsində karyera yaratmaq imkanlarını müzakirə edəcək.

Tədbiri onlayn rejimində Avropa Komissiyası və Avropa Parlamenti izləyə biləcək. BTİ-nin baş katibi elm, texnologiya, mühəndislik sahələrində qadınların intellektual səviyyələrinin yüksəlməsi mövzusunda “Women 2020” panel iclasında çıxış edəcək.

Bununla yanaşı, təşkilatın baş qərargahında “ICT Discovery” muzeyində məktəbli qızlar üçün kodlaşdırma, “mobil apps”, “+video”, peyk ilə bağlı mövzularda seminarlar və ekspertlərlə görüşlər təşkil ediləcək. BTİ-nin Qahirə və Moskva Regional ofisləri də İKT bayramı ilə bağlı qızlar üçün tədbirlər təşkil edib.

Aynur Vəliyeva




25/04/13    Çap et