Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mayın sonundan gediş haqları elektron formada ödəniləcək


Nəqliyyat Nazirliyi yaxın zamanlarda elektron ödəmə sistemini tətbiq edəcək. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib.

O bildirib ki, artıq nazirlik ictimai nəqliyyatda - sərnişin avtobuslarında elektron ödəmə sisteminin tətbiqi üçün həyata keçirilən hazırlıq işlərini başa çatdırır. Bu ilin mayın sonundan etibarən nəqliyyatda ödəmə kartlarının satışına başlanacağını vurğulayan M.Pənahov bildirib ki, elektron ödəmələrlə bağlı proqram təminatı və onun prosessinq mərkəzləri ilə əlaqəsi sınaqdan keçirilib:

«Təcrübə göstərib ki, sistem işləyir, onun proqram təminatı düzgün formalaşdırılıb».

Qeyd edək ki, avtobuslarda elektron ödəmələrə başlanması ölkə ərazisində mobil ödəmə qurğularının kütləvi tətbiqi ilə bağlı ilk təcrübə olacaq. Sistemin işi bir neçə mühüm istiqamətləri əhatə edir – kartların tətbiqi, onların balansının artırılması, gediş haqlarının ödənilməsi, bölüşdürülməsi və s. Artıq kartların istifadəsi ilə bağlı qaydalar da tam hazırdır. Nəqliyyatda ödəmə kartı öz xüsusiyyətlərinə görə adi bank kartıdır - onun təhlükəsizlik və informasiya daşıma sistemləri adi kartlarda olduğu kimidir.

Nazir müavini qeyd edib ki, nəqliyyatda ödəniş vasitəsi kimi adi plastik kartlardan istifadə etmək mümkün olmayacaq - bunun üçün ayrıca kart buraxılacaq. Amma həmin kartdan gələcəkdə digər nəqliyyat xidmətlərinin dəyərinin ödənilməsində istifadə etmək mümkün olacaq: «Bunu təkcə avtobusla bağlamayacağıq ki, gələcəkdə ondan başqa xidmətlərin də haqqı ödənilsin».

M.Pənahov bildirib ki, nəqliyyat kartından avtomobillərin parkinqi, metro və taksidə, gələcəkdə isə xırda ticarət imkanları üçün də ödəniş vasitəsi kimi istifadə oluna biləcək. Artıq elektron ödəmələr üçün avtobuslarda ödəmə qurğularının quraşdırılmasına başlanılıb. Mayın 20-dən sonra kartların satışına başlanacaq. İlk mərhələdə gediş haqqının kartla ödənilməsi şəhərin mərkəzi hissəsini əhatə edən marşrutlarda mümkün olacaq:

«Bu, 1 minə yaxın avtobusdur. Sonra bu, digər marşrutlarda da tətbiq ediləcək». Oktyabrın əvvəlinədək paytaxtın bütün ictimai nəqliyyatı tamamilə elektron ödəməyə keçəcək.

SEYMUR




25/04/13    Çap et