Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung”un yeni smartfonu dünyanın 150-dən çox ölkəsində satışa çıxarılacaq
Bu il aprelin 26-da Koreya Respublikasında Cənubi Koreyanın “Samsung” korporasiyasının yeni “Galaxy S4” smartfonunun satışlarına başlanılır. “ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, Cənubi Koreya konserninin məlumatına əsasən, yeni cihaz gələn rüb ərzində dünyanın 155 ölkəsinin bazarında satışa çıxarılacaq.
Sözügedən şirkət əmindir ki, yeni cihaz Amerikanın “Apple” şirkətinin sonuncu “iPhone” modelinin əsas rəqibi olacaq. Şirkətin mobil telefonların hazırlanması və istehsalı üzrə bölməsinin direktoru Li Don Cu qeyd edib ki, şirkət yeni smartfonuna böyük ümidlər bəsləyir. "Biz ümid edirik ki, yeni smartfonun satış həcmi sələfləri ilə müqayisədə daha yaxşı olacaq" – Don Cu deyib.
O, həmçinin vurğulayıb ki, bu model üçün ilkin sifarişlərin həcmi hətta onların gözləntilərini belə ötüb, lakin o, konkret rəqəm səsləndirməyib. Xatırladaq ki, “Samsung” şirkəti “Galaxy S” xəttinə məxsus 100 milyondan çox məhsul satmağa müvəffəq olub. Şirkət, həmçinin smartfonun qiymətini açıqlamayıb.
Emil Hüseynov
25/04/13 Çap et