Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanlı deputat İnformasiya Texnologiyaları üzrə Avropa Parlamentlər Assosiasiyasındakı ekspert qrupuna üzv seçilib


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında əlamətdar hadisə baş vermişdir. Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov İnformasiya Texnologiyaları üzrə Avropa Parlamentlər Assosiasiyasındakı ekspert qrupuna üzv seçilib.

Rafael Hüseynovdan başqa həmin qrupa Avropanın müxtəlif ölkələrini təmsil edən daha 24 ekspert seçilib. R.Hüseynov postsovet məkanından həmin mötəbər quruma seçilmiş yeganə ekspertdir. İnformasiya Texnologiyaları üzrə Avropa Ekspert Qrupunun üzvləri haqqında məlumatları əks etdirən ayrıca kitab nəşr edilmiş və aprelin 24-də Avropa Parlamentlər Assosiasiyasının Strasburqdakı iqamətgahında ekspertlərin inauqurasiya mərasimi keçirilib.

Tədbirdə çıxış edən R.Hüseynov son illər Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, ölkəmizdə internet istifadəçilərinin durmadan artması, elektron mətbuatın müasir vəziyyəti və perspektivləri ilə bağlı məlumat verib.

Xatırladaq ki, AŞPA-nın mədəniyyət, elm, təhsil və mətbuat komitəsinin üzvü olan Rafael Hüseynov media və informasiya cəmiyyəti alt komitəsində də fəaliyyət göstərir.




26/04/13    Çap et