Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«E-olimp.com.ua» saytının Azərbaycan versiyasının təqdimatı keçirilib


AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Ukraynanın informatika üzrə beynəlxalq olimpiada saytı olan « www.e-olimp.com.ua/ »-nın Azərbaycan dilindəki versiyasının təqdimatı keçirilib. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, tədbirdə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, İTİ direktoru Rasim Əliquliyev və respublikanın ali məktəblərinin informatika fənnini tədris edən müəllimləri iştirak edib.

E.Vəlizadə bildirib ki, Ukraynada fəaliyyət göstərən və beynəlxalq olimpiadalar təşkil edən «e-olimp.com.ua» saytının Azərbaycan versiyasının hazırlanması mühüm hadisədir. Adıçəkilən saytın əvvəllər rus və ingilis dillərində fəaliyyət göstərdiyini önə çəkən nazir müavini bildirib ki, ona Azərbaycan dilinin də əlavə olunması saytın beynəlmiləlçiliyini artırıb və eləcə də bizim şagird və tələbələrin işini asanlaşdırıb: «Bu sayt Azərbaycan yeniyetmə və gənclərinə özlərinin informatika, İT, kompüter elmləri ilə bağlı biliklərini yoxlamağa və onları daha da zənginləşdirməyə imkan verir».

Qafqaz Universitetinin müəllimi Etibar Seyidzadə «e-olimp.com.ua» saytının Azərbaycan versiyası haqqında təqdimatla çıxış edərək bildirib ki, burada verilən məsələlər çətin, orta və asan kateqoriyalarına bölünür və onların çətinlik səviyyələri konkret faiz göstəriciləri ilə təqdim olunur. Artıq 1000-dən artıq məsələnin Azərbaycan dilinə tərcümə olunduğunu vurğulayan E.Seyidzadə deyib ki, hazırda məsələlərin ümumi sayı 5000-dən artıqdır. Bu sayt vasitəsi ilə dünyanın 100 ölkəsini təmsil edən tələbələrin yarışdığını önə çəkən E.Seyidzadə əlavə edib ki, portalın «interfeysi» tamamilə Azərbaycan dilində təqdim olunur:

«Saytdan təkcə ali məktəb müəllimləri və tələbələri deyil, eyni zamanda orta məktəb müəllimləri və şagirdləri də dərs zamanı istifadə edə bilər. Müəllimlər sadəcə olaraq saytda qeydiyyatdan keçib qrup yarada və öz şagirdlərini də həmin qrupa daxil edə bilər. Bundan sonra hansı məsələlərdən istifadə edərək öz şagirdlərinin informatika biliklərini yoxlamaq asanlaşır və avtomatik olaraq saytda cavablar üzə çıxır. Eləcə də alınan cavabları çap etmək də mümkündür. Portalın «Yarışlar» bölməsi var ki, burada hər həftə müsabiqələr keçirilir və onların tarixləri göstərilir».

Bundan sonra informatika müəllimləri ilə fikir mübadiləsi aparılıb.

SEYMUR




29/04/13    Çap et