Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
RİTN-in rəsmisi “İKT inkişaf indeksi”nin strukturu ilə bağlı yeni təkliflər səsləndirib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Maliyyə uçotu və iqtisadi təhlil şöbəsinin İqtisadi təhlil sektorunun müdiri Heydər Rüstəmov Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) hər il ölkələr üzrə reytinq müəyyənləşdirdiyi “İKT inkişaf indeksi”nin strukturuna yenidən baxılmasını təklif edib.
RİTN-in rəsmisi sözügedən təklifləri BTİ-nin Naxçıvan Muxtar Respublikasında 24-26 aprel 2013-cü il tarixlərində keçirilən Regional seminarında irəli sürüb. Belə ki, H.Rüstəmov dünyada İKT-nin inkişafı üzrə yeni istiqamətlərin və sahələrin yarandığı, elektron xidmətlərin geniş vüsət aldığı hazırkı şəraitdə “İKT inkişaf indeksi”nin strukturuna elektron xidmətlər, rəqəmli yayım səviyyəsi, genişzolaqlı internetin cəmiyyətə nüfuz səviyyəsi ilə bağlı yeni göstəricilərin daxil edilməsini, eləcə də ölkələrin İKT statistikası ilə bağlı qarşılaşdığı problemlər və aradan qaldırılması ilə bağlı təkliflərlə çıxış edib.
Eyni zamanda sektor müdiri seminarda “Azərbaycanda İKT statistikasının mövcud vəziyyəti və ölkə statistikasının beynəlxalq statistikaya uyğun təkmilləşdirilməsi” mövzusunda iştirakçılara ətraflı məlumat verib. Çıxışında ölkəmizdə İKT-nin inkişaf səviyyəsi, əldə olunmuş nailiyyətlər, beynəlxalq təşkilatların hesabatlarında ölkəmizin mövqeyi və son illər yerini möhkəmləndirməsi barədə seminar iştirakçılarına məlumat verən RİTN nümayəndəsi Azərbaycanda İKT statistikasının yaradılması üzrə görülmüş işlər, regionda ilk dəfə ölkəmizdə İKT məhsul və xidmətləri təsnifatının yaradıldığı, 2005-ci ildən ölkədə ev təsərrüfatları arasında sorğunun keçirilməsini diqqətə çatdırıb.
Qeyd edək ki, H.Rüstəmov tədbirin ikinci günü - İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin, Minilliyin İnkişaf Məqsədlərinin və İTU-nun Genişzolaqlı Komissiyasının müəyyən etdiyi hədəflərin ölçülməsinə həsr olunmuş 5-ci sessiyasına da sədrlik edib.
Həqiqət İSABALAYEVA
29/04/13 Çap et