Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nanotexnologiya sahəsində ortaq tədqiqatlar aparılmalıdır


İnkişaf etmiş ölkələrdə olduğu kimi, ölkəmizdə də elmə, elm adamlarına və elmi tədqiqatlara verilən əhəmiyyət daha da artırılmalı, elmə ayrılan vəsaitlər çoxaldılmalıdır. Nanotexnologiya sahəsində ortaq tədqiqatlar aparılmalıdır. Universitetlərin daxilində texnoparkların qurulması və inkişafının uyğun zəmini hazırlanmalıdır.
Xüsusilə gənclərin elmi sahələrə cəlb edilməsi üçün bu sahədə stimulun artırılması lazımdır, gənclərin elmə olan marağının artırılması istiqamətində yerli və xüsusən beynəlxalq səviyyəli, sahəvi elmi tədbirlərin, konfransların, seminarların sayı və keyfiyyəti artırılmalıdır.

Gənc tədqiqatçıların ölkə daxilində və xaricdə ortaq elmi tədqiqatlar aparması təşviq edilməlidir, elm sahəsindəki təcrübələrin bölüşdürülməsinin zəmini formalaşdırılmalı və yeniliklərlə əlaqəli tədqiqatlara dəstək artırılmalıdır, tədqiqat sahəsinə görə elmi resurs-mənbə imkanlarından birgə faydalana bilmənin yolları tapılmalıdır, gənc tədqiqatçıların beynəlxalq elmi mühitdə qəbul edilən, xüsusilə impakt faktoru yüksək olan jurnallarda məqalə dərc etməsi ciddi şəkildə təşviq edilməlidir.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu məsələlər “Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı”nın yekununda qəbul edilmiş bəyannamədə öz əksini tapıb. Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş konfrans Qafqaz Universitetində Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Türkiyədən Atatürk Universitetinin, Hacettepe Universitetinin, Marmara Universitetinin və Ondokuz Mayıs Universitetinin birgə əməkdaşlığı ilə həyata keçirilib.

“Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı”na 13 ölkədən, o cümlədən - Azərbaycan, Türkiyə, ABŞ, Rusiya, Hindistan, Avstriya, Ukrayna, Misir, İran, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Şimali Kipr Türk Cümhuriyyətindən - elmin müxtəlif sahələri üzrə tədqiqatçılar tərəfindən 900-dən çox tezis təqdim edilmiş, onlardan 650-si qəbul edilib. İngilis, rus, Azərbaycan və türk dillərində təqdim olunan tezislər üzərinə geniş müzakirələr aparılıb, müxtəlif sahələrdəki innovasiyalarla əlaqəli konstruktiv təkliflər verilib. Bununla da səmərəli elmi müzakirələr aparmaq üçün şərait təmin edilib, dünyanın müxtəlif universitet, akademiya və institutlarında fəaliyyət göstərən gənc tədqiqatçılar və elm adamları bir araya gələrək bu sahədə əldə olunan təcrübələri qarşılıqlı şəkildə paylaşmaq fürsəti əldə ediblər.

Konfrans, gənc tədqiqatçıların qarşılaşdıqları problemləri təhlil etmək və ortaq problemlərə yönəlik təkliflərlə davam etdirilib. Qafqaz Universitetinin Mətbuat Xidmətinin rəhbəri Rəcəb Rzayev bildirib ki, konfransın çoxsahəli seçilməsi məqsədli şəkildə olub:

“Belə ki, konfransın diqqət mərkəzində olan əsas məsələ azərbaycanlı gənc tədqiqatçılar olmuş, məqsəd daha çox tədqiqatçının prosesə cəlb edilərək, onlara elmi mühitdə uyğun tribunanın təmin olunmasına şərait yaratmaq olub. Bu məqsədlə müxtəlif ölkələrin gənc tədqiqatçılarını bir araya gətirmək, onların konfransda qarşılıqlı şəkildə elmi fikirlərini rahat ifadə edə bilmələrini təmin etmək, elmi diskussiya apara bilmə bacarıq və vərdişlərini artırmaq, elmlə məşğul olan yerli və xarici elm adamları arasında əlaqələri artırmaq və bu yolla Azərbaycanın uğurlu inkişaf strategiyasına, “Neft kapitalının insan kapitalına çevrilməsi siyasəti”nə, “Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyası”na bu istiqamətdə töhfə vermək olub. Konfransda vurğulanıb ki, bir ölkənin inkişaf səviyyəsi və ictimai həyatının müxtəlifliyi həmin ölkədəki gənclərin yaradıcılıq fəaliyyətləri və müasir standartlar səviyyəsində qəbul edilməsi ilə birbaşa əlaqəlidir. Elm sahəsindəki inkişaf ölkənin müxtəlif sahələrdə inkişafına da şərait yaradır. Elmin müxtəlif sahələrində yeniliklərin izlənilməsi, sahələr arasındakı əlaqələrin qurulması və aktual araşdırmaların aparılması isə gənclərin aktiv fəaliyyətilə birbaşa əlaqəlidir. Bu çərçivədə gənc tədqiqatçıların elmi araşdırmalarının nəticələri olaraq təqdim edilən tezislər ölkədə elmin inkişafına da müsbət təsir göstərəcək”.

Həqiqət İSABALAYEVA




29/04/13    Çap et