RİTN-in dəstəyi ilə Xan Şuşinskinin virtual muzeyi yaradılıb
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) maliyyə dəstəyi, Mədəniyyət və Turizm Nazirliyi, Xan Şuşinski Fondu və “Musiqi dünyası” jurnalının təşkilati dəstəyi ilə Azərbaycanın xalq artisti, muğam korifeyi Xan Şuşinskinin (İsfəndiyar Aslan oğlu Cavanşir) virtual muzeyi -
memorial saytı yaradılıb.
Beynəlxalq Muzey Mərkəzində keçirilən təqdimat mərasimində Xan Şuşinski Fondunun prezidenti, sənətkarın qızı Bəyimxanım Verdiyeva-Cavanşirova atasının həyat və yaradıcılığına həsr olunmuş virtual muzeyin yaradılmasından məmnunluğunu ifadə edib. Daha sonra “Musiqi dünyası” jurnalının baş redaktoru və təsisçilərindən biri, sənətşünaslıq elmləri doktoru Tariyel Məmmədov 3 dildə - Azərbaycan, rus və ingilis dillərində hazırlanan sayt haqqında ətraflı məlumat verib.
Təqdimata muzeyin müxtəlif bölmələri ilə tanışlıqdan başlayan T.Məmmədov qonaqları muğam ustasının həyat və yaradıcılığı, fotoşəkilləri, audio, videoyazıları, xanəndə ilə bağlı xatirələr, məktub və teleqramlar, hətta şəxsi imzasının yer aldığı sayta virtual səyahətə aparıb.
Azərbaycanda “İKT ili” çərçivəsində hazırlanan saytla bağlı fikirlərini bölüşən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə isə virtual muzeyin fərqli dizayn və zəngin materialları ilə birgə ensiklopediyanı xatırlatdığnı vurğulayıb. Muzeyin üç dildə fəaliyyətini də təqdirəlayiq hal kimi dəyərləndirən nazir müavini bununla da saytın istifadəçilərinin əhatə dairəsinin daha da genişlənəcəyini, eyni zamanda dil seçiminin muzeyin materialları ilə tanış olmaq istəyən müxtəlif ölkə nümayəndələrinin saytdan rahat istifadəsinə imkan verəcəyini söyləyib.
Sənətkarın oğlu Aslan Cavanşirov da muzeyin hazırlanması ilə bağlı məmnunluğunu ifadə edərək, onun mədəni irsimizin qorunması sahəsində əhəmiyyətli olacağını bildirib.
Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi isə belə bir muzeyin yaradılmasını milli musiqinin inkişafı, eyni zamanda mədəni irsimizin təbliği istiqamətində zəruri addım kimi dəyərləndirib. Təqdimat mərasimi konsert proqramı ilə yekunlaşıb.
HƏQİQƏT