Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda İKT üzrə ixtisaslaşan gənclər ordusu yetişir


«Bu gün Azərbaycanda yüksək intellektli, yeni texnologiyaları dərindən qavrayan, İT üzrə ixtisaslaşan gənclər ordusu yetişir. Onlar çox yaxında dünyada informasiya-kommunikasiya texnologiyaları sahəsində öz sözünü deyəcək».

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri gənclər və idman nazirinin müavini İntiqam Babayev söyləyib. Nazir müavini qeyd edib ki, mobil texnologiyaların inkişafı gənclərdə sahibkarlığın inkişafına töhfə verəcək. Hazırda mobil texnologiyaların istifadəsi və onun üstünlüklərindən yararlanma qabiliyyətinin yeniyetməlik dövründən sürətlə inkişaf etdiyini vurğulayan İ.Babayevin sözlərinə görə, yeni texnologiyalar tez-tez dəyişməsinə baxmayaraq bu dəyişiklik yeniyetmələrə hər hansı bir çətinlik yaratmır, əksinə, Azərbaycan gəncliyi mobil texnologiyalar üzrə öz proqramlarını hazırlamağa qadirdir.

Hazırda gənclərimizin hər bir sahə üzrə yüksək bilikli mütəxəssislər kimi formalaşdığını söyləyən İ.Babayev bildirib ki, onlar üçün Azərbaycan hökuməti çox böyük imkanlar yaradıb:

«Azərbaycanda yüksək intellektli gənclər ordusu formalaşıb. Dövlətimiz gəncliyin inkişafı üçün bütün zəruri addımları atmaqdadır. Dövlətin gənclər siyasəti öz uğurlu nəticələrini verməkdədir. Bu gün ölkəmizin inkişafı prosesində də gənc nəsil öz töhfələrini verir».

SEYMUR




30/04/13    Çap et