Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron imzadan istifadə edərək kreditorlar özləri haqda məlumat ala bilərlər


Azərbaycanda Kredit Bürosunun Yaradılması üzrə İcra Komitəsinin "Kredit bürosu"na dair konfransı keçirilib.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbir Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycanda və Orta Asiyada Maliyyə İnfrastrukturunun Təkmilləşdirilməsi üzrə Məsləhət Xidmətləri Layihəsi (ACAFİ) çərçivəsində təşkil olunub.

Tədbirdə "İnfoCredit" şirkətinin baş icraçı direktoru Uilyam Lim "Beynəlxalq səviyyəli kredit bürosunun yaradılması: layihənin fazaları və uğur amilləri", "NİCE" məlumat xidmətinin Kredit Bürosunun Planlaşdırılması Departamentinin direktoru Henri Çan "Kredit bürosunun məlumat bazasından maksimum faydalanmanın üsulları", "KKB" şirkətinin baş vitse-prezidenti Orkun Deniz "Birinci fazadan kənarda: Müasir kredit bürosunun təklif etdiyi əlavə dəyər xidmətləri" mövzularında məruzələr təqdim ediblər.

Konfransda çıxış edən "International Finance Corporation (IFC)"-nın Azərbaycanda daimi nümayəndəsi Aliyə Əzimova bildirib ki, ölkədə son illər kredit məlumatı sistemi təkmilləşdirilməsi üzrə işlər genişləndirilib və bu sahədə müvafiq qanun hazırlanıb.

"Maliyyə sektoru "IFC" üçün prioritet sahədir və hazırda kredit əldə etmək imkanlarının genişləndirilməsi əsas məqsədlərdən biridir. Azərbaycanda artıq mərkəzləşdirilmiş kredit reyestri yaradılıb, lakin bizim araşdırmalarımız göstərir ki, ilk mərhələdə yerli kredit təşkilatları bu reyestrlə onlarda olan məlumatları bölüşmək istəmirdilər, lakin sonra onlar anladılar ki, bu məlumatlar olmadan yaxşı və pis kreditorları seçmək mümkün deyil və əməkdaşlığa daha açıq oldular.

"IFC" 60-dan artıq ölkədə kredit məlumat büroları yaradıb və hazırda Azərbaycan Mərkəzi Bankı ilə birgə artıq 10-dan artıq yerli bankın nümayəndələrinin iştirakı ilə Kredit bürosunun yaradılması üzrə işçi qrup yaradıb", - deyə o bildirib.

Öz növbəsində Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin rəhbəri Elçin Həbibov bildirib ki, bu ildən etibarən elektron imzadan istifadə edərək kreditorlar özləri haqda məlumat ala bilərlər.

Aynur Vəliyeva




30/04/13    Çap et