Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
TRT Azərbaycan peykinin xidmətlərindən yararlanmaq istəyir
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) nazir Əli Abbasov TRT-nin (Türkiye Radyo Televizyon Kurumu) baş direktoru İbrahim Şahinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
RİTN-in radio-televiziya yayımları istiqaməti üzrə fəaliyyətindən, o cümlədən bu sahədə yeni rəqəmli texnologiyaların tətbiqi ilə bağlı görülən tədbirlərdən söz açan nazir TRT-nin Azərbaycanla əməkdaşlığını da yüksək qiymətləndirib.
Radio-TV yayım xidmətlərinin keyfiyyətinin yüksəldilməsində peyklərin roluna da toxunan nazir Azərbaycanın ilk telekommunikasiya peyki "Azerspace/Africasat-1a"-nın əhatə zonasına Avropa, Mərkəzi Asiya və Afrika ölkələrinin daxil olduğunu, milli peykimizin səs, verilənlər, internet, TV və radio yayım xidmətləri göstərəcəyini, eyni zamanda TRT-nin də bu imkanlardan yararlana biləcəyini vurğulayıb.
Azərbaycanı ilk milli peykini orbitə çıxarması münasibətilə təbrik edərək, peykə malik olmağı hər bir ölkənin sosial-iqtisadi inkişafını sürətləndirən amil kimi dəyərləndirən İbrahim Şahin TRT-nin də "Azerspace-1"-in xidmətlərindən istifadəyə maraq göstərdiyini deyib.
Türkiye Radyo Televizyon Kurumunun 15 televiziya kanalı olduğunu deyən baş direktor ilkin mərhələdə quruma məxsus 3-4 telekanalın yayımının təşkilinin "Azerspace-1" üzərinə keçirilməsinin mümkünlüyünü diqqətə çatdırıb.
Görüşdə həmçinin genişzolaqlı internet xidmətlərinin yaratdığı geniş imkanlar, ciddi rəqabət mühitində radio-televiziya və internet televiziyaya maraq, eyni zamanda radio-TV yayım üzrə peşəkar kadr hazırlığı, bu sahədə təcrübə mübadiləsi, internet üzərindən aparılan təhsil və yeni fürsətlər ətrafında da müzakirələr aparılıb.
30/04/13 Çap et