Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnformatika üzrə dünya olimpiadalarının qalibləri ali təhsil müəssisələrinə imtahansız qəbul ediləcəklər


İnformatika, fizika, kimya, biologiya, riyaziyyat, fənləri üzrə dünya olimpiadalarının qalibləri ali təhsil müəssisələrinə imtahansız qəbul ediləcəklər. Belə ki, "Təhsil haqqında" qanunun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksəksəviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildirilib ki, bu kateqoriyadan olan abituriyentlər müvafiq sənədləri 1 – 21 may 2013-cü il tarixlərdə TQDK-ya və ya TQDK-nın regional bölməsinə (Naxçıvan, Gəncə, Quba, Lənkəran, Şəki, Göyçay, Şirvan, Ağcabədi) təqdim etməlidirlər. Sənədlərə ümumi qaydada təsdiq olunmuş "Abituriyent ərizəsi" formasının surəti, müvafiq nailiyyətləri təsdiq edən sənədlərin surəti (diplom, yarışın protokolu) daxildir.

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər müvafiq qaydada seçmə turdan keçərək QİK-də qeydiyyata alınmalıdırlar.

Qeyd edək ki, müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksəksəviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısına olimpiya oyunları və olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birincilikləri, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birincilikləri, beynəlxalq muğam ifaçılarının müsabiqəsi (Bakı, Azərbaycan), vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi (Bakı, Azərbaycan), gənc pianoçuların beynəlxalq müsabiqəsi (Tbilisi, Gürcüstan) və s. daxildir.

HƏQİQƏT




01/05/13    Çap et