Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakıda mis kabellər optik kabellərlə əvəz olunacaq
Paytaxtda "Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində görülən işlər nəticəsində şəbəkənin tutumu artırılaraq 810 min nömrəyə çatdırılıb. Bununla yanaşı, cari ilin birinci rübündə genişzolaqlı internet xidmətlərinin inkişafını təmin etmək üçün şəbəkə ATS-lərində 12 min ədəd yeni ADSL portu və 2830 cüt xətt qurğuları tikilərək istifadəyə verilib.
Bakı şəhərində internet və digər müasir informasiya xidmətlərinin göstərilməsinə imkan yaradan ADSL avadanlıqlarının da tutumu artırılıb. Hazırda Bakı şəhərində genişzolaqlı xidmətlərin göstərilməsi üçün quraşdırılan portlardan genişzolaqlı internet və digər müasir (İPTV, videotelefon, İAD və sair) xidmətlərin göstərilməsi üçün istifadə olunur.
2012-ci ilin sonu ilə müqayisədə 2013-cü ilin I rübündə Bakı şəhərində ADSL vasitəsilə internet xidmətlərindən istifadə edən abunəçilərin sayı 13534 ədəd artıb. Aparılan araşdırmalardan aydın olur ki, BTRİB şəbəkəsinin xidmətlərindən istifadə edən təşkilatlar və müəssisələrin 90 faizi genişzolaqlı internet xidmətlərindən optik bağlantı əsasında istifadəyə üstünlük verir.
BTRİB bu amili və eyni zamanda göstərdiyi internet xidmətlərinin keyfiyyətini artırmaq üçün kənar provayder və operatorlarla birgə təşkilatlara, biznes mərkəzlərə, mehmanxanalara optik kabel çəkməklə abunəçilərə yaxın ərazilərdə İAD, mini-DSLAM və ONU avadanlıqları quraşdırmaqla telefon və genişzolaqlı xidmətlərin göstərilməsini həyata keçirir.
Eyni zamanda şəbəkə ATS-dən 2 km-dən yuxarı məsafədə yerləşən telefon paylayıcı şkafları "SMART AX" avadanlıqları ilə dəyişdirərək abunəçilərə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üçün tədbirlər həyata keçirir.
Hal-hazırda şəhərin əsasən mərkəzi hissəsində mis kabellərdən istifadəni məhdudlaşdırmaqla yeni yaşayış binalarına optik kabel vasitəsilə istifadəçilərə İKT xidmətlərinin göstərilməsi üçün yeni pilot layihələrin həyata keçirilməsi üçün işlər aparılır.
BTRİB şəbəkəsində ADSL vasitəsilə yüksəksürətli internet xidmətlərindən istifadə edən abunəçilərin sayı durmadan artdığına görə "Bakinternet" internet xidmətinin platformasına yenidən baxılma zərurətini yaratmış və hazırda bu istiqamətdə təkliflər hazırlanır. Genişzolaqlı internet xidmətlərindən istifadə edən abunəçilərin sayı artdıqca bu xidmətlərdən əldə edilən gəlirlərin artması da müşahidə olunur. Belə ki, BTRİB cari ilin I rübündə göstərdiyi genişzolaqlı internet xidmətlərindən 5,8 mln manat gəlir əldə edib.
Hazırda internet xidmətlərindən əldə edilən gəlirlər ümumi gəlirlərin 33,5 faizini təşkil edir.
Qeyd edək ki, internet xidmətlərinin gəlirləri artdıqca beynəlxalq istiqamətlərə çıxış danışıqlarından gəlirlərin azalması da müşahidə olunur. Belə ki, beynəlxalq çıxış danışıqlarından BTRİB-in gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 5 faiz azalıb.
2012-ci ildə İPTV xidmətinin istifadəyə verilməsi təmin edilib və hazırda BTRİB üzrə bu xidmətdən 900-ə yaxın abunəçi istifadə edir.
RƏVAN
01/05/13 Çap et