Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rasim Əliquliyev: «Qısa vaxt çərçivəsində ölkədə “elektron hökumət” quruculuğunda əldə olunan nəticələr sevindiricidir»


«Azərbaycanda “elektron hökumət” layihəsi çox uğurla həyata keçirildi və bu istiqamətdə aparılan işlər davam etdirilir». "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) direktoru Rasim Əliquliyev söyləyib.

O bildirib ki, qısa vaxt çərçivəsində ölkədə “elektron hökumət” quruculuğunda əldə olunan nəticələr sevindiricidir. İTİ direktorunun sözlərinə görə, e-hökumət elə bir fəaliyyətdir ki, onun hər zaman yenilənməsinə, inkişaf etdirilməsinə ehtiyac var. Rəhbərlik etdiyi institutun “elektron hökumət” quruculuğuna elmi dəstək verdiyini vurğulayan R.Əliquliyev əlavə edib ki, ölkədə informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən tədbirlər və əldə olunan uğurlar gənc nəsli də bu istiqamətdə təhsil almağa sövq edir.

Onun sözlərinə görə, hazırda informasiya texnologiyası sahəsində təhsil almağa maraq artıb. İnformasiya-kommunikasiya texnologiyalarını dünyanın əksər ölkələrinin prioritet elan etməsi və onun dinamik inkişaf edən, gəlirli sahə olması gəncləri də özünə cəlb edir:

«Bu gün təkcə Azərbaycanda deyil, bütün dünyada informasiya texnologiyaları üzrə yüksəkixtisaslı, böyük elmi-praktiki təcrübəyə malik, innovativ təfəkkürlü kadrların, xüsusən də kompüter və proqram təminatı mühəndislərinin hazırlanmasına böyük tələbat var. Gənclər görür ki, bu tələbatları doldurmaq üçün dövlət onlara çox böyük imkanlar yaradıb».

SEYMUR




02/05/13    Çap et