Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“BlackBerry”-nin rəhbəri: beş ildən sonra planşetlər lazımsız əşyaya çevriləcək


"BlackBerry" şirkətinin baş direktoru Torsten Heyns beş ildən sonra internet-planşetlərin "ölümü"nü proqnozlaşdırıb. Onun qənaətincə, rəhbəri olduğu şirkəti isə mobil sənaye sayəsində dəb yaradıcısı olacaq.

"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, Heyns iki ildən artıqdır ki, "BlackBerry" şirkətinə rəhbərlik edir və məhz bu vaxt ərzində "BlackBerry10" əməliyyat sistemi və həmçinin onun əsasında tərtib edilən ilk iki smartfon təqdim edilib. Öncə "BlackBerry" şirkəti "PlayBook" internet-planşeti istehsal edirdi. Şirkət onların satışa çıxarıldığı müddət ərzində hətta bir milyon planşet satmayıb.

"Hesab edirəm ki, beş ildən sonra artıq planşet götürmək üçün bir səbəb qalmayacaq. Böyük ekran sizinlə həm evdə, həm də işdə olacaq, yolda isə böyüdülmüş ekranla və planşet imkanları ilə təchiz edilmiş smartfonlardan istifadə edəcəksiniz. Planşet özü-özlüyündə pis biznes-modeldir, onlar çox bahadır və onlar üçün nəzərdə tutulmuş proqramlar bahadır, planşet istehsalçılarının sayı isə məntiqi sərhədləri keçib. Buna görə də mən "BlackBerry"-ni mobil komputinq sahəsində sözsüz lider kimi görürəm və biz bazarın elə payını əldə etmək istəyirik ki, dəbi biz müəyyən edək", - deyə Heyns bildirib.

Şirkət bu il "BlaskBerry10" əsasında daha iki smartfon təqdim etmək niyyətindədir, onlar öncə buraxılmış "Z10" və "Q10" modellərinə əlavə olunacaqlar.

Aynur Vəliyeva




02/05/13    Çap et