Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Milli domen zonası Azərbaycan dilində yaradılan domenlər hesabına genişləndiriləcək


Azərbaycan Elektron Təhlükəsizliyi Mərkəzinin və "*.az" domen qeydiyyatçısı "İntrans" şirkətinin rəhbəri Faiq Fərmanovun "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda milli domen zonasının genişləndirilməsi çərçivəsində Azərbaycan dilində domenlərin yaradılması məsələsi üzərində işlər gedir.

"Biz hazırda bütün diqqətimizi Elektron Təhlükəsizliyi Mərkəzinin və domenlərin onlayn-qeydiyyat və ödəniş sisteminin yaradılmasına yönəltmişik. Lakin bu istiqamətdə işlər gedir və yaxın zamanda bununla bağlı məlumat təqdim ediləcək",- deyə o bildirib.

Xatırladaq ki, yaxın zamanda Azərbaycanın milli domen adlarının stop-vərəqəsinin genişləndirilməsi üzrə işlərin sürətləndirilməsi gözlənilir. Bu stop-vərəqəyə arzuedilməz domen adları ilə yanaşı, Azərbaycanın coğrafi adlarını, ölkənin milli-mədəni və tarixi dəyərlərinin adlarını göstərən domen adları daxildir.

Gələcəkdə Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun, Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssislərinin iştirakı ilə və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin köməyi ilə bu siyahı genişləndirilməlidir.

Siyahıya coğrafi adlarla yanaşı, onların üçhərfli nişanları və ölkənin tarixi şəxsiyyətlərinin adları və soyadları daxildir. Qeyd edilən tədbirlər kiberskvottinqin (cybersquatting — domenlərin gələcəkdə təkrar satış məqsədi ilə qeydiyyatı) qarşısını almaq məqsədi ilə edilir.

Aynur Vəliyeva




04/05/13    Çap et