Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanla Başqırdıstanın elmi qurumları innovativ layihələr həyata keçirəcəklər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Başqırdıstan Respublikası Elmlər Akademiyasının (BREA) prezidenti, BREA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Baxtizin Ramil Nazifoviçi qəbul edib.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə məlumat verən AMEA-dan bildirilib ki, görüşün əsas məqsədi müvafiq sahədə əməkdaşlıq əlaqələrinin müzakirəsi olub. BREA haqqında məlumat verən B.Nazifoviç akademiyanın əsas fəaliyyət istiqamətləri və gördüyü işlərdən danışıb.

O, tətbiqi mexanika və neft-mədən işləri sahəsində mühüm xidmətləri olan görkəmli alim, akademik Azad Mirzəcanzadənin tələbəsi olduğunu və ölkəsində mütəmadi olaraq bu böyük alimin elmi fəaliyyətinə həsr olunmuş konfransların keçirildiyini bildirib.

Görüşdə hər iki elmi qurumun iştirakı ilə birgə konfransların təşkili, innovativ layihələrin həyata keçirilməsi, o cümlədən kadr və təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olunub, bu əlaqələrin mühüm elmi nəticələrin əldə olunmasına xidmət etdiyi vurğulanıb. Daha sonra iki qurum arasında əməkdaşlıq əlaqələrinin təşkili haqqında müqavilə imzalanıb.

Saziş protokolunu Azərbaycan tərəfindən akademik Akif Əlizadə, Başqırdıstan tərəfindən isə BREA-nın müxbir üzvü Baxtizin Nazıfoviç imzalayıb. Qeyd edək ki, B.Nazifoviç Leninqrad Universitetinin "Riyaziyyat" fakültəsini bitirib.

Rusiyada neft-qaz işinin tarixi, neft və neft məhsullarının daşınması, neft-qaz hasilatı proseslərinin modelləşdirilməsi, müasir neft-qaz texnologiyaları və s. kimi istiqamətlərdə elmi araşdırmaların müəllifidir.

HƏQİQƏT




04/05/13    Çap et