Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) və Dövlət Dəniz Administrasiyasının (DDA) yeni elektron xidmətləri “Elektron hökumət” portalı vasitəsilə istifadəçilərin ixtiyarına verilib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, TQDK tərəfindən təqdim edilən “Abituriyent ərizəsinin nömrəsinin axtarış sistemi” xidməti vasitəsilə indi abituriyentlər adıçəkilən portala daxil olaraq komissiyaya təqdim etdikləri ərizələrinin nömrəsi üzrə axtarış apara biləcəklər.
Axtarış abituriyentin adı, soyadı və ya şəxsiyyət vəsiqəsindəki PİN üzrə aparılır. Məlumatlar düzgün daxil edildikdə abituriyentlər ali məktəbə qəbul olub-olmamaları haqqında informasiya əldə edə biləcəklər.
Bununla yanaşı, “Elektron hökumət” portalında Dövlət Dəniz Administrasiyasının xidmətlərinə iki yeni e-xidmət əlavə olunub. Bu xidmətlərə “Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğunluğu haqqında şəhadətnamənin verilməsi üçün müraciətlərin və sənədlərin qəbulu” və “Limanın (liman məntəqəsinin) “Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğunluğu haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu” daxildir.
Qeyd olunan hər iki xidmət hüquqi şəxslər üçün nəzərdə tutulub. Hüquqi şəxslər administrasiya tərəfindən tələb olunan formaları dolduraraq şəhadətnamələr üçün müraciətlərini quruma göndərə bilərlər. Birinci xidmətin müraciət formasında vətəndaşın şəxsi məlumatlarından əlavə “Təsnifat Cəmiyyəti tərəfindən aparılan yoxlamanın nəticəsinə dair akt və müşayiət məktubu”nun, “dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd”in, ikinci xidmətin müraciət formasında isə “şəhadətnamənin verilməsi üçün Limanın (liman məntəqəsinin) mühafizə sisteminin yoxlanılmasına dair ərizə-anket”in əlavə edilməsi tələb olunur.
CAHANGİR