Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev-90” Tədbirlər Planı çərçivəsində yubiley tədbiri keçirilib


Mayın 6-da "Hilton" otelində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) təşkilatçılığı ilə "Heydər Əliyev-90" Tədbirlər Planı çərçivəsində yubiley tədbiri keçirilib.

Konfransda ümummilli lider Heydər Əliyevin keçdiyi ömür yolunu əks etdirən videorolikə baxışdan sonra çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ulu öndərin Azərbaycanın gələcək hərtərəfli inkişafının təməli istiqamətində acdığı geniş imkanlardan və bununla bağlı sonsuz xidmətlərindən söz açıb.

Ulu öndərin yeritdiyi siyasətin Azərbaycanda yeni sosial-iqtisadi inkişaf modelinin həyata keçirilməsi üçün zəruri əsaslar formalaşdırdığını deyən nazir məhz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların bütün sahələrdə, o cümlədən rabitə sektorunun gələcək inkişafında dönüş, eyni zamanda müasir rabitə və informasiya texnologiyalarının tətbiqində böyük canlanma yaratdığını qeyd edib. Ulu öndərin hakimiyyəti dövründən başlayaraq, Azərbaycanın İKT sahəsində böyük nailiyyətlər əldə etdiyini, o cümlədən ölkədə informasiya cəmiyyətinin bərqərar olması prosesinə başlanıldığını deyən nazir ümummilli liderin rabitə və informasiya texnologiyaları sahəsində təməlini qoyduğu siyasətin əsas məqsədlərinə İKT sahəsində hüquqi əsasların yaradılması, insan amilinin inkişafı, informasiya və biliklərə əsaslanan, rəqabətə davamlı iqtisadiyyatın qurulması və s. kimi mühüm istiqamətlərin daxil olduğunu söyləyib.

Əsası ümummilli lider tərəfindən qoyulan İKT sahəsinin gələcək inkişafına da toxunan Ə.Abbasov ölkə başçısı İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının İKT sahəsinin inkişafında yeni mərhələ olacağını, konsepsiyada yer alan tədbirlərin həyata keçirilməsi nəticəsində İKT-dən istifadə edilməklə elmtutumlu layihələrin icrasına başlanılacağını, sağlam rəqabət mühiti yaradılaraq, sənayenin innovasiyalar əsasında inkişafı ilə elm və texnologiya potensialının gücləndiriləcəyini, ölkə iqtisadiyyatının innovasiya əsaslı irəliləyişinin təmin olunacağını da vurğulayıb.

Çıxışdan sonra Heydər Əliyevin 90 illik yubileyi münasibətilə RİTN-in "Azərmarka" şirkəti tərəfindən çap olunmuş "Heydər Əliyev-90", həmçinin Azərbaycan Respublikası və Rusiya Federasiyasının birgə buraxılışı olan "Heydər Əliyev Müqəddəs Apostol Andrey Pervozvannı ordeninin kavaleri" mövzusuna həsr olunmuş poçt markalarının dövriyyəyə buraxılması mərasimi keçirilib.

Qeyd edək ki, beynəlxalq aləmdə qəbul edilmiş müvafiq prosedurlara uyğun olaraq, markaların dövriyyəyə buraxılması zamanı müvafiq sahənin naziri tərəfindən imzalanır. Ulu öndərin şərəfinə hazırlanan markaların imzalanması Azərbaycan tərəfindən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov tərəfindən həyata keçirilib. Müvafiq prosedur markaların buraxılışına məsul olan digər tərəf - Rusiya Federasiyası tərəfindən də həyata keçiriləcək.

Daha sonra konfransda RİTN-in yubileylə bağlı Tədbirlər Planına uyğun olaraq, 5 saylı xüsusi internet məktəbinin görmə qabiliyyəti zəif olan şagirdlərinə səslə idarə olunan mini-kompüterlər, eyni zamanda Azərbaycanın ali təhsil müəssisələrində İKT ixtisasları üzrə təhsil alan və təhsildə fərqlənən tələbələrə kompüterlər təqdim edilib, nazirlik tərəfindən sosial qruplar üçün hazırlanan güzəşt kampaniyası, həmçinin RİTN-in reallaşdırdığı və ilboyu davam edəcək "Mən Azərbaycanlıyam" onlayn müsabiqə barədə ətraflı məlumat verilib.

Daha sonra qonaqların çıxışı ilə davam edən konfransda Milli Məclisin deputatı Asəf Hacıyev ümummilli liderin böyük siyasətçi kimi Azərbaycan üçün gördüyü işlərin və həyata keçirdiyi sonsuz xidmətlərin bugünkü bəhrəsindən söz açıb. Ulu öndərin davamçısı olan İlham Əliyev tərəfindən bu ilin "İKT ili" elan edilməsinə də diqqət çəkən millət vəkili müasir dövrdə İKT-ni dünyanın varlı sektoru adlandıraraq, Azərbaycanda bu sahənin inkişafının məhz Heydər Əliyevin qoyduğu əsaslarla davam etdiyini söyləyib.

Azərbaycan Texniki Universitetinin professoru Havar Məmmədov da ümummilli liderin uzaqgörənliyi sayəsində ölkədən kənarda ali təhsil müəssisələrinə azərbaycanlı kadrların göndərildiyini, Heydər Əliyevin müstəqil Azərbaycanın inkişafı üçün əlindən gələni etdiyini, məhz onun rəhbərliyi dövründə ölkədə maşınqayırma, elektronika, cihazqayırma zavodlarının inşasının sürətləndiyini, eyni zamanda İKT-nin bundan sonra da bütün sahələrdə öncül sahə olaraq qalacağını nəzərə çatdırıb.

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, professor Rasim Əliquliyev də ümummilli lider Heydər Əliyevin Azərbaycanda aqrar ölkədən sənaye ölkəsinə keçidin əsasını qoyduğunu, bu gün onun qoyduğu bünövrənin uğurlu inkişafını, 2020-ci ilə qədər isə ölkəmizdə sənaye cəmiyyətindən biliklər iqtisadiyyatına keçidin başa çatdırılacağını bildirib.

AMEA Kibernetika İnstitutunun direktoru Telman Əliyev də Azərbaycanda elm sahəsinin potensialının artırılmasında, elmin, xüsusən də informatikanın sürətli inkişafında ümummilli liderin müstəsna xidmətlərinin olmasını, məhz onun xidmətlərinin nəticəsi olaraq, bu gün ölkəmizdə elmtutumlu layihələrin icrasının davam etdirildiyini vurğulayıb.

Düz 8 il ümummilli liderin rəhbərliyi altında çalışdığını deyən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, texnika elmləri doktoru, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı laureatı, akademik İsmayıl İbrahimov Heydər Əliyevin ömrünü tamamilə öz xalqına və onun hərtərəfli inkişafına həsr etdiyini deyərək, ulu öndərlə bağlı unudulmaz xatirələrini konfrans iştirakçıları ilə paylaşıb.




06/05/13    Çap et