Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İstifadə olunan telefonlarla bağlı bütün məlumatlar artıq Mobil cihazların qeydiyyat sistemi üzrə Məlumat Bazasında yerləşdirilib
Demək olar ki, istifadə olunan telefonlarla bağlı bütün məlumatlar artıq Mobil cihazların qeydiyyat sistemi (MCQS) üzrə Məlumat Bazasında yerləşdirilib. Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, oğurluq, qeyri-qanuni yollarla ölkə ərazisinə idxal olunan mobil cihazların qeydiyyatı davam edir: “Amma müəyyən vaxt da lazımdır. Yalnız oğurluq deyil, telefonları bir şəxsin digərinin adına alması halları da var. Onlara da narahatçılıq yaratmamaq üçün biz bu prosesi hələlik test rejimində aparırıq. Bütün cihazları qanuniləşdirdikdən sonra Məlumat Bazasını tamamilə istifadə vəziyyətinə gətirəcəyik”.
Qeyd edək ki, MCQS 1 may 2013-cü il tarixindən fəaliyyətə başlayıb. Həmin tarixdən etibarən şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilərək istifadə olunan (respublikamızın mobil operatorlarının SİM kartları vasitəsi ilə) hər bir mobil cihazın “İMEİ” nömrəsi həmin cihazın şəbəkədən xidmət almağa başladığı tarixdən ən geci 30 (otuz) gün müddətində qeydiyyata alınmalıdır.
MCQS Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na uyğun yaradılıb.
Mobil cihazlardan *#06# yığmaqla “İMEİ” nömrəsini müəyyən etmək olar. “www.imei.az” internet səhifəsindən istifadə etməklə abunəçilər istifadə etdikləri mobil cihazların “İMEİ” nömrələri ilə cihazların orijinallığını müəyyənləşdirə, eləcə də əlavə məlumatlar əldə edə bilərlər.
Mobil cihazların qeydiyyatının aparılmasında məqsəd abunəçilərin mobil cihazlarından rahatlıqla istifadə edilməsinə şərait yaradılmasından, mənşəyi bilinməyən, texniki parametrləri standartlara uyğun olmayan, keyfiyyət əmsalları aşağı olan və insan orqanizmi üçün zərərli elektromaqnit şüalanmaları yayan (xalq arasında “pirat” kimi tanınan) mobil cihazların ölkəyə idxalının qarşısının alınmasından, həmçinin istehsalçı şirkətlərin tanınma dərəcəsinin və rəqabət qabiliyyətinin yüksəlməsinin təmin edilməsindən ibarətdir.
HƏQİQƏT
06/05/13 Çap et