Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan və Belarus deputatları İT sahəsində əməkdaşlığı perspektivli hesab edirlər
İnformasiya texnologiyaları (İT) sahəsində əməkdaşlıq Belarus və Azərbaycan arasında münasibətlərin inkişafı üçün perspektivli istiqamətlərdən biri ola bilər.
Bunu Belarus Milli Yığıncağının Azərbaycan parlamenti ilə əməkdaşlıq üzrə işçi qrupunun rəhbəri Nikolay Samoseyko Milli Məclisin Belarus parlamenti ilə beynəlxalq əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyad Səmədzadə ilə görüşündə deyib. Nikolay Samoseyko qeyd edib ki, onun fikrincə, iki ölkə arasında əməkdaşlığa əlavə impulsa ehtiyac yoxdur, lakin fəaliyyət üçün məqsədəuyğun olan müəyyən sahələr var. O buna misal kimi Belarusun informasiya texnologiyaları və kənd təsərrüfatı sahələrində layiqli baza yaratmasını göstərib.
Ziyad Səmədzadə belaruslu həmkarının mövqeyini dəstəkləyərək deyib ki, iki ölkə alimləri arasında bəzi sahələrdə qarşılıqlı fəaliyyət qurulub, Azərbaycanda bəzi vacib elmi-texniki layihələr həyata keçirilir. Azərbaycanlı deputat bildirib ki, Belarus və Azərbaycanın münasibətləri bir sıra istiqamətlər üzrə strateji xarakter daşıyır.
Bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından 20 il ötür.
Görüşdə deputatlar qeyd ediblər ki, bu müddət ərzində əmtəə dövriyyəsinin artırılması, strukturun təkmilləşdirilməsi, habelə siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı üçün xeyli iş görülüb.
07/05/13 Çap et