Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Estafetin yüksək texnologiyalar sektoruna verilməsi iqtisadi tezislərin həyata keçirilməsində mühüm addım olacaq


Bu gün regionun ən dinamik inkişaf edən ölkəsi kimi Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsinin genişləndirilməsi üçün böyük imkanlara malikdir.

Bu fikri Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) AMEA Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin (HİK) sədri Səyyar Abdullayev bildirib. "Heydər Əliyev və İnformasiya-kommunikasiya texnologiyaları siyasəti" mövzusunda məruzə ilə çıxış edən sədrin sözlərinə görə, ulu öndər Heydər Əliyevin 1969-cu ildə respublikada hakimiyyətə gəlişi ilə ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi, informasiya texnologiyaları sahəsində də böyük nailiyyətlərə imza atılıb.

Ümummilli liderin informasiya-kommunikasiya texnologiyalarının inkişafına nail olmaq üçün daim səylər göstərdiyini bildirən S.Abdullayev Azərbaycanda mobil rabitənin bu gün yüksək inkişaf səviyyəsinin məhz Heydər Əliyevin əməyinin nəticəsi olduğunu qeyd edib: "1994-cü ildə "Bakcell" və 1996-cı ildə "Azercell" birgə müəssisələrinin yaradılması Azərbaycanda mobil rabitənin inkişafının əsasını qoydu və bu sahə hazırda dinamik tərəqqidədir. 1995-ci il dekabrın 9-da Bakıda Azərbaycanda ilk Beynəlxalq Telefon Stansiyasının, habelə yenidən qurulmuş Şəhərlərarası Rabitə Telefon Stansiyasının birinci növbəsinin açılışı olub".

Əsası ümummilli lider tərəfindən qoyulmuş işlərin bu gün onun layiqli davamçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini söyləyən S.Abdullayev İKT-nin inkişafı üçün məqsədyönlü işlərin aparıldığını nəzərə çatdırdı: "Ölkəmizdə rabitə və informasiya texnologiyaları üzrə geniş islahatların aparılması, tənzimləmə prosedurunun təkmilləşdirilməsi, telekommunikasiya şəbəkələrinin tam elektronlaşdırılması, Milli Super Kompüter Mərkəzinin, informasiya texnologiyaları üzrə xüsusi iqtisadi zonaların yaradılması nəzərdə tutulub. Bununla da Azərbaycanda yüksələn xətlə müşahidə olunan ümumi inkişafın növbəti mərhələsinin "Elektron Azərbaycan" olması, eyni zamanda uğurlu neft strategiyasından sonra estafetin yüksək texnologiyalar sektoruna verilməsi kimi iqtisadi tezisin həyata keçirilməsi üçün mühüm addım atılacaq".

Həqiqət İSABALAYEVA




08/05/13    Çap et