Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Bakcell” “Mançester Yunayted” ilə birgə uşaqlara kömək etdi
"Bakcell"in "Mançester Yunayted" ilə tərəfdaşlığı çərçivəsində təşkil etdiyi xeyriyyə auksionu olduqca uğurlu keçib.
Şirkətdən verilən məlumata görə, auksion zamanı yığılmış 23 000 AZN məbləğində vəsait əlilliyi olan uşaqların hüquqlarının müdafiəsi sahəsində işlərin dəstəklənməsi üçün "UNİCEF" təşkilatına ianə veriləcək. Auksion "Mançester Yunayted"in əfsanəvi hücumçusu Duayt Yorkun Bakıya gəlişinə həsr olunmuş təntənəli şam yeməyi zamanı keçirilib.
Tədbir zamanı "Bakcell" şirkətinin baş direktoru cənab Riçard Şirer bildirib ki, "Bakcell"in geniş KSM proqramının əsas məqsədi gənclərə və ehtiyacı olan uşaqlara dəstək göstərməkdir. "Biz uşaqlara yönəlmiş KSM və xeyriyyə layihələri çərçivəsində bir neçə təşkilatla əməkdaşlıq edirik.
Böyük üstünlüyümüz ondan ibarətdir ki, ən böyük tərəfdaşlarımızdan biri – "Mançester Yunayted" klubu həmçinin uşaqlara dəstək göstərir və "UNİCEF" ilə uzun müddətdir ki əməkdaşlıq etməkdədir.
Biz isə "Bakcell" və "Mançester Yunayted" tərəfdaşlığı çərçivəsində "UNİCEF" ilə əməkdaşlığa başlamağımıza şadıq" - deyə o bildirib. "Mançester Yunayted" və "UNİCEF" arasında əməkdaşlıq 1999-cu ildə "United for UNİCEF" proqramı ilə başlayıb. Klub "UNİCEF"-in proqramları üçün 2.5 milyon funtdan artıq vəsait toplayaraq dünyanın 2.2 milyon uşağına yardım göstərib.
RƏVAN
08/05/13 Çap et