Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Elsevier-in nümayəndəsi İnformasiya Texnologiyaları İnstitutunda oldu
AMEA İnformasiya Texnologiyaları İnstitutunda Elsevier-in Türkiyə və Mərkəzi Asiya ölkələri üzrə nümayəndəsi Ayhan Akanay Saracoğlu ilə görüş keçirilib.
Görüş Azərbaycan elminin beynəlxalq aləmə inteqrasiyasında mühüm rol oynayan elmi məqalələrin dünyanın nüfuzlu, yüksək istinad indeksli jurnallarında dərci və əməkdaşlıq əlaqələrinin müzakirəsi məqsədini daşıyırıb.
Öncə A.Saraçoğlu alim və mütəxəssislər üçün dəyərli informasiya mənbəyi olan Elsevier-in digər elmi bazalarla müqayisədə üstünlüklərindən və geniş imkanlarından söhbət açıb.
Bildirib ki, Azərbaycan alimlərinin fəaliyyətinin, aparılan elmi tədqiqatların dünya elmi ictimaiyyətində tanınması baxımından bu işlərin yüksək səviyyədə təşkili mühüm əhəmiyyət kəsb edir.
30 milyona yaxın istifadəçiyə xidmət edən şirkət dünya üzrə akademiyalar, universitetlər və elmi müəssisələrin fəaliyyətini, onların beynəlxalq elmi aləmdə mövqeyini müqayisəli təhlil edən ilk və ən böyük sistemdir.
Görüşdə iyun və sentyabr aylarında İnformasiya Texnologiyaları İnstitutunda “Dünyada elmi-tədqiqatlara dair elektron resurslardan istifadə tendensiyaları” və “Beynəlxalq jurnallarda məqalələrə qoyulan tələblər” mövzularında təlim seminarlarının keçirilməsi qərara alınıb.
Həmçinin bu yaxınlarda Azərbaycan elmi ictimaiyyətinin Elsevier-in ScienceDirect və Scopus kimi xidmətlərindən pulsuz istifadə imkanı əldə edəcəyi bildirilib. Qeyd edək ki, ScienceDirect xidməti dünya üzrə elm, texnologiya və tibb sahəsində mövcud olan tam mətnli (full text) məqalələrin 25%-ni əhatə edir.
Ən böyük istinad bazası olan Scopus-a isə 20 500 adda müxtəlif elmi nəşrlər (elm, texnologiya, tibb və sosial elmlər sahəsində), 5 000 nəşriyyat evi və 5,3 milyon konfrans materialları daxildir.
Sonda Azərbaycan alimlərinin 2008-2011-ci illər ərzində elmi fəaliyyətinə dair göstəricilərini əks etdirən hesabat təqdim olundu, eləcə də institut ilə Elsevier arasında əməkdaşlıq əlaqələrinin inkişafına dair “yol xəritəsi”nin məzmunu razılaşdırılıb.
13/05/13 Çap et