Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 7-ci Beynəlxalq Konfrans keçiriləcək


Bakı şəhərində 9-11 oktyabr tarixlərində İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 7-ci Beynəlxalq Konfrans (AICT-2013) keçiriləcək. “AICT-2013” ( www.aict.info/2013) Beynəlxalq Konfransı İKT-nin təhsil və təlimdə, elm və tədqiqatlarda, idarəetmədə, təhlükəsizlikdə, səhiyyə sistemində, dövlət strukturlarında, kommunikasiya və rabitə sahəsində yeni və keyfiyyətli tədqiqatlar aparan elm adamlarını konfransda iştirak etməyə dəvət edir.

Konfransın əsas məqsədi ümumi maraq və problemlər ətrafında birləşmiş dünyanın müxtəlif guşələrindən olan elm adamları və mühəndisləri eyni coğrafi məkana gətirməkdir.

Adıçəkilən sahələrdə çalışan və ya təhsil alan insanlara öz elmi işlərini geniş auditoriyada tətbiq etmək, geniş dairəli məsələlərin optimal həllərini tapmaq imkanı verən ən məşhur akademik konfranslardan biri olacaq.

“AICT-2013” konfransı Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), Azərbaycan Respublikası Təhsil Nazirliyi, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, AMEA İnformasiya Texnologiyaları İnstitutu, “IEEE” Azərbaycan bölməsi, İnformasiya Texnologiyaları Beynəlxalqlaşdırma Tədqiqat Mərkəzi (Koreya) və Elektrotexnika və Elektronika Mühəndislər İnstitutu tərəfindən texniki dəstəyi ilə həyata keçiriləcək. “AICT-2013” Beynəlxalq Konfransının mövzularına “İKT tətbiqində müasir nailiyyətlər”, “Böyük vergilərin idarəsi və tətbiqi”, “Verilənlərin Emalı və Verilənlər Mühəndisliyi”, “ Kibertəhlükəsizlik problemləri”, “Kommunikasiya, şəbəkə və avadanlıq”, “Biznes, idarəetmə və iqtisadiyyatda İKT”, “Dövlət xidmətlərində İKT”, “Elm, təhsil, sosial və humanitar tədqiqatlarda İKT”, “Tibb və səhiyyədə İKT” daxildir. Lakin konfransın mövzuları yalnız bu sahələrlə məhdudlaşmır. “AICT-2013” konfrans çərçivəsində bir sıra tədbirlərin keçirilməsi də nəzərdə tutulub.

Bunların sırasında “8-ci Beynəlxalq İnformasiya Təhlükəsizliyi Tədqiqat Konsorsium (IISRC) Konfransı”, “27-ci Kompüter Mühəndisliyi Bölmələri Müdirləri Beynəlxalq Sammiti”, “Koreyanın Beynəlxalq İnformasiya Texnologiyalarının Tədqiqat Mərkəzinin İntellektual İKT adlı simpoziumu (ITPA 2013)” kimi tədbirləri qeyd etmək olar. Konfransın Təşkilat Komitəsindən qeyd edilib ki, bir çox sahələrdə olduğu kimi, Azərbaycan İKT sahəsində də regionun aparıcı dövləti olaraq qalmaqdadır:

“Biz hesab edirik ki, “AICT-2013” Azərbaycanda İKT konfrans tarixində təşkilat səviyyəsinə və iştirakçı sayına görə əvəzsiz və maraqlı olmaqla İKT sahəsindəki nailiyyətlərin daha da artmasına xidmət edəcək”.

“AICT-2013” Beynəlxalq Konfransı haqqında daha ətraflı məlumat almaq üçün: http://www.aict.info (AICT-2013 Konfransının Təşkilat Komitəsi;tel: +99412 4482862, +99412 4482863; fax: +99412 4482861; e-mail: aict@qu.edu.az, website: www.aict.info/2013; Qafqaz University, Həsən Əliyev küç. 120, Xırdalan, AZ0101 AZƏRBAYCAN) saytına müraciət etmək olar.

Həqiqət İSABALAYEVA




13/05/13    Çap et