Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ağ şəhər”də “ağıllı” rabitə sistemi qurulacaq


Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "2006-2010-cu illərdə Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı"nın təsdiq olunması ilə bağlı fərmanı çərçivəsində yaradılan "Bakı Ağ şəhər" layihəsi hazırda paytaxtımızda görülən quruculuq işlərinin mühüm tərkib hissəsi kimi həyata keçirilir. Burada bütün infrastruktur sahələri kimi, yüksəksəviyyəli informasiya və kommunikasiya texnologiyaları tətbiq ediləcək.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun verdiyi məlumata görə, burada telefon rabitəsi ilə yanaşı, söhbət hər bir mənzilin 100 mqbit internetlə də təmin olunmasından gedir.

"Biz bununla bağlı bütün texniki şərtləri vermişik. Ərazidə ilkin işlərə başlanılıb. Yaşayış və biznes zonaları arasında bütün arabağlantılar optik kabellərin üzərindən aparılacaq. Burada eyni zamanda şəhərcikdə tikiləcək gözəl binaların ahənginə uyğun olan "Rabitə evi" də inşa ediləcək. Ərazidə yüksəksəviyyəli telekommunikasiya və multimedia xidmətləri ilə yanaşı, poçt rabitəsi xidmətləri də göstəriləcək. Burada yüksəksəviyyəli infrastruktur tətbiq etməklə "ağıllı ev" konsepsiyasını tətbiq edəcəyik"- deyə baş direktor bildirib.

Paytaxt ekologiyasının bərpası üçün sənaye zonasında həyata keçirilən "Bakı Ağ şəhər" ölçülərinə görə Monakodan və İçərişəhərin ərazisindən 11 dəfə böyükdür. 221 ha ərazini əhatə edəcək bu məkanda artıq bir sıra obyektlərin tikintisinə başlanılıb. Bunlardan biri ofis və iş mərkəzi, digər biri isə yaşayış kompleksidir. "Yaşıl ada" adlanan kompleksə daxil olan binalar 7 mərtəbəli olmaqla əsasən Paris memarlıq üslubunda inşa edilir. "Yaşıl ada" kompleksi ilə yanaşı, ərazidə avtomobil yollarının tikintisi həmçinin neft tullantıları ilə çirklənmiş ərazilərin təmizlənməsi prosesi də davam etdirilir.

"Ağ şəhər"in yeni fəvvarələr meydanı adlanan hissəsində isə metro stansiyası da olacaq. Bu stansiya isə Bakı metropoliteninin 3-cü xəttinə daxildir. Rayonda şəhər tipli 10 universal kvartalın salınması, həmçinin Bakı buxtasının mərkəzində yerləşən Bakı Bulvarının abadlaşdırılması və genişləndirilməsi planlaşdırılır.

Qeyd edək ki, layihə başa çatdıqdan sonra "Bakı Ağ şəhər" 48 000 sakini iş yeri ilə təmin ediləcək. 19 min mənzilin tikintisi planlaşdırılan şəhərdə 50 min insanın yaşaması nəzərdə tutulub.

RƏVAN




13/05/13    Çap et