Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qazaxıstan üçüncü peykini orbitə göndərməyə hazırlaşır
Qazaxıstan 2014-cü ildə üçüncü peyki orbitə göndərəcək. Bu peyk ödənişli əsaslarla Qırğızıstan, Türkmənistan, Rusiya və Özbəkistana telekommunikasiya xidmətləri göstərəcək.
“ICTnews” xəbər xidmətinin “www.cibersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, Qazaxıstanın Milli Kosmik Agentliyinin sədri Talqat Musabayev bildirib ki, “KazSat-3” peyki Rusiyanın “Luç” kosmik aparatı ilə birgə 2014-cü ilin birinci rübündə orbitə buraxılacaq.
Musabayev qeyd edib ki, "KazSat" seriyalı peyklərin yaradılmasının əsas məqsədi qarşılıqlı rezervləməni və milli rabitə və yayım operatorlarının tələbatlarını yerinə yetirmək üçün bütün peyk və teleradio yayım şəbəkələrinin dəstəklənməsini təmin etməkdir.
O, həmçinin bildirib ki, Qazaxıstanda “GPS” və “Glonass” sistemləri üçün nəqliyyat vasitələrində tətbiq edilən istifadəçi naviqasiya avadanlığının istehsalına başlanılıb. Sistemlərdən biri sıradan çıxdığı halda ikinci alternativ sistemi istifadə etmək mümkün olacaq.
“Kazkosmos”un verdiyi məlumata əsasən, istifadəçi naviqasiya sistemlərinin yaradılması, ölkədə formalaşdırılan naviqasiya infrastrukturu sisteminə daxildir. Bununla yanaşı, diferensial stansiyalar əsasında regional naviqasiya sistemi də yaradılır.
Aynur Vəliyeva
13/05/13 Çap et