Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Belçika Poçt Təşkilatı Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı marka təqdim edib
Belçika Poçt Təşkilatı ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş marka təqdim edib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi xəbər yayıb. Səfirlik bildirir ki, Brüsseldə Belçika Poçt Təşkilatı (Bpost) tərəfindən ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə buraxılmış poçt markasının təqdimat mərasimi keçirilib. Mərasimdə səfirliyin və NATO yanında nümayəndəliyimizin əməkdaşları ilə yanaşı, Belçika, Niderland və Lüksemburqda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, “Ana vətən” Azərbaycanlı Qadınlar Birliyinin üzvləri də iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan danışmış, məhz görkəmli dövlət xadiminin uzaqgörənliyi, yenilməz iradəsi və əvəzsiz siyasi strategiyası nəticəsində Azərbaycanın bu gün dünya ölkələri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyini vurğulayıb.
Səfir ulu öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə əldə olunmuş müstəqilliyin möhkəmləndirilməsi və hərtərəfli inkişaf konsepsiyasının hazırlanması baxımından ən yeni tariximizə qızıl hərflərlə həkk olunduğunu qeyd edib və hər bir azərbaycanlının qəlbində iz buraxdığına əminliyini bildirib.
Diplomat Belçikada hazırlanmış poçt markasının Heydər Əliyevin Azərbaycan dövlətçiliyi naminə fəaliyyətinin Avropa məkanında əbədiləşməsinə xidmət edəcəyini və bu istiqamətdə işlərin gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin rəhbəri Xəzər İbrahim ulu öndərin Azərbaycan xalqı qarşısında xidmətlərinin heç vaxt unudulmayacağını vurğulayaraq, Heydər Əliyevin əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində daim yaşayacağını deyib.
SEYMUR
13/05/13 Çap et