Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gəncə-Qazax iqtisadi zonasında 10 ədəd TV proqramının sosial paket şəklində qəbulu təmin olunub


Gəncə Radio Televiziya Yayım Filialının (RTYF) stansiyalarında televiziya proqramlarının yayım keyfiyyətinin yüksəldilməsi məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İstehsalat Birliyi tərəfindən tədbirlər davam etdirilir.

Gəncə RTYF-nin texniki şöbəsinin müdiri Vüqar Hüseynovun verdiyi məlumata görə, Gəncə şəhərində, Göyçayda, Ağstafa rayonunun Poylu kəndində, Daşkəsəndə və rayonun Qabaqtəpə kəndində, Tovuzda və rayonun Böyük Qışlaq, Kirzan kəndlərində, Gədəbəydə və rayonun Gər-Gər, Hacılar, Yeni Saratovka, Samanlıq kəndlərində yerləşən Radio Televiziya Yayım Stansiyalarında gücləri 300, 600-1200 vatt olan xaricdə istehsal olunmuş müasir rəqəmli DVB-T TV vericiləri quraşdırılıb, istifadəyə verilib.

Nəticədə, Gəncə-Qazax iqtisadi zonasında 10 ədəd TV proqramının – “AzTV”, “Mədəniyyət”, “İdman Azərbaycan”, İTV, ANS, “Space”, “Lider”, TRT1, “Xəzər” və ATV-nin sosial paket şəklində qəbulu təmin olunub. Gəncə Radio Televiziya Yayım Stansiyasında 1200 vatt gücündə rəqəmli DVB-T TV vericisi ilə sosial paket də daxil olmaqla 54 ədəd kommersiya TV proqramlarının yayımı həyata keçirilir.

RƏVAN




14/05/13    Çap et