Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“IEEE” Azərbaycan şöbəsinin sədri: “IEEE Xplore®” elektron kitabxanasına sınaq abunə müddəti mayın 30-da sona çatacaq”
"IEEE" (Institute of Electrical and Electronics Engineers) 170 dövlətdən 400.000 çox üzvü olan, ABŞ-da fəaliyyət göstərən, 125 illik keçmişə sahib olan nüfuzlu Elektrik və Elektronik Mühəndislər İnstitutu (http://www.ieee.org) və "IEEE" Azərbaycan şöbəsi tərəfindən Azərbaycanın akademik, dövlət və elmi-tədqiqat institutları və universitetləri üçün "IEEE Xplore" Rəqəmsal Kitabxanasına sınaq abunə 22 aprel 2013-ci il tarixindən başlayıb.
Bu sınaq abunə Azərbaycanın akademik, dövlət və elmi-tədqiqat institutları və universitetlərinin müəllim, tələbə və elmi işçi heyətinə 1 ay ərzində açıq olacaq və 30 may 2013-cü il tarixində sona çatacaq.
"ICTnews" elektron xəbər xidmətinə bu barədə "IEEE Azərbaycan" şöbəsinin sədri, Qafqaz Universitetinin Kompüter mühəndisliyi bölməsinin rəhbəri, professor Abzetdin Adamov məlumat verib.
"Sınaq abunə dövrü ərzində sizin və həmkarlarınızın bütün "IEEE" jurnallarından, dövri nəşrlərindən, "IEEE" konfranslarının materialları və aktiv standartlarından məhdudiyyətsiz istifadə imkanınız olacaq"- deyən A.Adamov qeyd edib ki, xüsusi sınaq istifadəsi "IEEE" jurnallarında, konfrans və standartlarda 3 milyondan artıq tam-mətn sənədlərə əlçatanlığı təmin edəcək.
Buraya 160-dan artıq dünyanın ən yüksək təsir faktoruna (Impact Factor) malik "IEEE" jurnalları, 26 "IET" jurnalları və bundan başqa 20-dən artıq "IET" konfrans başlıqları, 1.200-dən artıq "IEEE" konfrans materialları, 2.400-dən artıq təsdiqlənmiş və nəşr edilmiş "IEEE" standartları daxildir: "IEEE" texnologiyanın inkişafı üçün dünyanın ən böyük professional birliyi sitat jurnallar, konfrans materialları, elektrik mühəndisliyi, güc və enerji, dayanıqlı enerji, yüksək gərginlik şəbəkəsi və bir çox əlaqəli texnologiyaların standartlarının nəşri sahəsində liderdir. Müəyyən olunmuş tarixdə sınaq abunədən istifadə etmək üçün "http://ieeexplore.ieee.org" səhifəsinə daxil olmaq lazımdır.
Bu səhifə sizin İP ünvanınıza uyğunlaşdırılacaq və beləliklə, heç bir istifadəçi adı və şifrə lazım olmayacaq. İP ünvanınızı bildirmək üçün http://ieee.qu.edu.az/IEL-Trial-Azerbaijan linkində qeydiyyatdan keçmək vacibdir". "IEEE Azərbaycan" şöbəsinin sədri əlavə edib ki, "IEEE Xplore" Rəqəmsal Kitabxanasını istifadə etdikdən sonra bu xidmət haqında geri dönüş almaq məqsədilə qısa anketi doldurmaq da lazımdır:
"Bir neçə dəqiqə vaxt sərf ediləcək anket "http://ieee.qu.edu.az/IEL-Survey-Azerbaijan" linkində doldurulmalıdır".
Həqiqət İSABALAYEVA
15/05/13 Çap et