Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu gündən etibarən “ASAN imza” xidmətinin göstərilməsinə başlanılıb


Azərbaycan Vergilər Nazirliyi və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə "ASAN imza" xidmətini göstərməsinə başlayıb.

Vergilər Nazirliyindən «ICTnews» xəbər xidmətinə verilən məlumata əsasən, nazirliyin nəzdində Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) ilə sıx inteqrasiya olunmaqla bütün mövcud kompüter əməliyyat sistemlərini və mobil qurğuları dəstəkləyən elektron imza Sertifikat Xidmətləri Mərkəzi yaradılıb. Mərkəzi Avropa standartlarının tələblərinə uyğun hazırlandığına görə elektron imzaların Avropa ölkələri ilə qarşılıqlı tanınması mümkündür.

Bu xidmət Azərbaycan vətəndaşlarının digər ölkə vətəndaşları ilə birgə şirkət qurmalarına və müqavilələrin elektron formada internet üzərindən imzalanmasına şərait yaradır.

Nazirlikdə yaradılmış mərkəzi Fransa, İsveç, Finlandiya, Estoniya, Azərbaycan şirkətlərinin iştirak etdiyi beynəlxalq konsorsium tərəfindən yaradılan "Mobil imza" (Asan imza) mərkəzi ilə inteqrasiya layihəsini "elektron hökumət"dən "mobil hökumət"ə keçidin əsası kimi qiymətləndirmək olar. "Mobil imza"nın istifadəsi zamanı isə əlavə kart oxuyan cihaza ehtiyac yoxdur.

Bu xidməti əldə etmək üçün istifadəçilər telefonlarındakı SİM-kartı yeni SİM-kartla əvəz etməli olacaqlar. Yeni SİM-karta mobil imza proqramı yüklənib və bu kartları bütün mobil operatorlardan, eləcə də "ASAN xidmət" mərkəzlərindən almaq mümkündür.

Mobil imzada tətbiq edilən təhlükəsizlik sistemləri ən son tələblərə cavab verir. Ona görə də yeni imzanın köməyi ilə vətəndaşlar və sahibkarlar beynəlxalq maliyyə bank əməliyyatlarını da həyata keçirə, o cümlədən birgə müəssisə təsis edə, mühüm sənədlər imzalaya biləcəklər.

"ASAN imza" vasitəsilə sahibkarlar vergi bəyannamələrini, hesabatları və digər sənədləri Vergilər Nazirliyinə asanlıqla, vaxt itirmədən təqdim edə biləcəklər.

Aynur Vəliyeva




15/05/13    Çap et