Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda ilk dəfə olaraq onlayn-sığorta xidmətlərinin göstərilməsinə başlanılıb
«GoldenPay» elektron ödəmə texnologiyaları əsasında yaradılan "Hesab.az" portalı və «Atəşgah Sığorta» şirkəti Azərbaycanda ilk dəfə olaraq onlayn-sığorta xidmətlərinin göstərilməsinə başlayıblar.
Ölkənin ən iri onlayn-xidmətlər portalında qeydiyyatdan keçən istifadəçilər bu ayın əvvəlindən avtomobil icbari mülki məsuliyyət üzrə sığorta polislərini ev və ofislərdən çıxmadan əldə edə bilərlər. "Hesab.az" portalında yaradılan yeni tam avtomatlaşdırılmış modulu vasitəsilə artıq hər bir bank kartının sahibi cəmi 3-4 dəqiqə ərzində avtomobil icbari sığortanın dəyərini hesablamaq və ödəmək iqtidarındadır. Alınan sığorta polislərinin müştəriyə çatdırılması 48 saat ərzində təmin edilir, Bakı və Sumqayıt üzrə isə çatdırılma pulsuzdur.
«Hesab.az" istifadəçilərinə sığorta polislərinin ən rahat alınması üçün onlayn-xidmətlərimizi təklif etməyə çox şadıq», - deyə «Atəşgah Sığorta» şirkətinin İdarə Heyətinin sədri Tələt Səfərov qeyd edir. Onun sözlərinə görə, müasir texnologiyalara arxalanan bu növ onlayn-xidmətlərə müştərilər arasında tələbat yalnız artacaq. T.Səfərov tam əmindir ki, onlayn-ödəmələr Azərbaycan sığorta bazarının gələcəyidir.
«Onlayn-sığorta yüksək xidmət və qabaqcıl texnologiyaları əsas meyar hesab edən müştərilər üçün əvəzolunmaz yenilikdir»,- deyə «GoldenPay» ödəmə şirkətinin baş direktoru Fərid İsmayılzadə vurğulayır. Onun fikrincə, «Atəşgah Sığorta» ilə birgə həyata keçirilən bu layihə, onlayn və oflayn biznes-qurumlar arasında genişlənən əməkdaşlığın əsl nümunəsidir.
F.İsmayılzadə xüsusən qeyd edir ki, "Hesab.az"-da yaradılan yeni modul onlayn-sığorta sahəsində ilk milli layihədir. Yaxın gələcəkdə portal istifadəçilərinə göstərilən onlayn-sığorta xidmətləri digər növ polislər hesabına genişləndiriləcək, ilk növbədə "Sərfəli KASKO", "İCBARİ+" və "İCBARİ Əmlak" məhsulları sahəsində.
Sürücülərin icbari mülki məsuliyyət üzrə sığortası avtonəqliyyat vasitələrinin istifadəsi nəticəsində üçüncü şəxslərin sağlamlığına, onların əmlakına vurulan zərərlərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Bu növ sığorta polisləri sürücünün hər hansı bir yol-nəqliyyat hadisəsinin həm iştirakçısı, həm səbəbkarı olduğu hallarda etibarlıdır. Avtomobil icbari sığorta polisləri 1 illik müddətə təqdim olunur və sürücülük mədəniyyətinin artırılmasına xidmət edirlər. Bu polislər üzrə ödəmələr vaxtlı-vaxtında və tam həcmdə aparılır (5 min AZN-ə qədər).
Bu məqsədlə «Atəşgah Sığorta» şirkətində həftənin 7 günü 24 saat ərzində (012) 940 telefon nömrəsi vasitəsilə xüsusi «qaynar xətt» fəaliyyət göstərir.
«İcbari sığorta növləri haqqında" qanuna görə, avtomobil icbari mülki məsuliyyət üzrə sığortanın minimal dəyəri 50 AZN təşkil edir və mühərrikin həcmi 1500 sm3-dək olan avtonəqliyyat vasitələrinin sahiblərinə şamil olunur. Mühərrik həcmi artdıqca (1500 sm3-dən 5000 sm3-dək), sığortanın qiymətinə 1,5-dən 5-ə qədər əmsal tətbiq edilir. 2012-ci ildə avtomobil icbari mülki məsuliyyət üzrə sığorta üzrə yığım həcmləri 72.28 mln. AZN-ə çataraq, 2011-ci ilin göstəricilərini xeyli üstələyib.
RƏVAN
16/05/13 Çap et