Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan Milli Elmlər Akademiyası “wiki”-mühitdə ölkə haqda məlumatların daha geniş təqdim edilməsini təmin edəcək
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu (İTİ) “İKT ili” ilə bağlı Tədbirlər Planı çərçivəsində ölkəyə dair kontentin və “Wikipedia” kimi qlobal informasiya resurslarında Azərbaycan haqda məlumatların inkişaf etdirilməsi üzrə tədbirlər görmək niyyətindədir.
İnstitutun direktoru Rasim Əliquliyevin verdiyi məlumata görə, bunu təmin etmək məqsədi ilə AMEA institut və təşkilatlarının əməkdaşları üçün “wiki”-treninqlər təşkil etmək, “Wikipedia” ensiklopediyasına dair elmi araşdırmalar aparmaq, “Wikipedia” ensiklopediyasının Azərbaycan cəmiyyətində təbliğatını aparmaq, Azərbaycan xalqının milli-mədəni dəyərləri, tarixi həqiqətləri, tanınmış şəxsləri haqqında məlumatları özündə əks etdirən kontentlərin müəyyən olunması və “wiki”-mühitdə yerləşdirilməsi nəzərdə tutulub.
R. Əliquliyevin sözlərinə əsasən, bu günə kimi “Citizendium” ensiklopediyasında “http://citizendium.org” Azərbaycan haqda 16,4 min məqalə, “Wikipedia”da “http://wikipedia.org”- 37,6 milyon məqalə, “Britannica”da “http://www.britannica.com” - 120 min məqalə, Böyük Sovet Ensiklopediyasında “http://bse.sci-lib.com” – 95 min, “Brokhauz” və “Efron”da “http://www.vehi.net/brokgauz/index.html” – 121 240 məqalə yerləşdirilib.
“Bu saytlarda və ümumiyyətlə internet məkanında Azərbaycan haqda yerləşdirilən düzgün məqalələr, məlumatlar, foto və videomateriallar ölkənin informasiya müharibəsinə davamlı olmasına kömək edəcək və Azərbaycanın tarixi və mədəni irsini qorumağa imkan verəcək”, - deyə R. Əliquliyev bildirib.
Aynur Vəliyeva
16/05/13 Çap et