Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
17 MAY ÜMUMDÜNYA TELEKOMMUNİKASİYA VƏ İNFORMASİYA CƏMİYYƏTİ GÜNÜDÜR
R.Əliquliyev: "İnformasiya Cəmiyyətinin təhlükələrə qarşı immunitetinin artırılması üçün kompleks işlər həyata keçirilməlidir"
Beynəlxalq təqvimdə yer alan mühüm tədbirlərdən biri də məhz 17 may tarixinə təsadüf edir. Həmin gün bütün dünya müxtəlif səviyyələrdə Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününü qeyd edir. Bəs bu günün beynəlxalq müstəvidə qeyd edilməsi nə dərəcədə aktualdır?
Beynəlxalq təqvimin mühüm tarixi
Bununla bağlı fikirlərini "Rabitə dünyası" ilə paylaşan AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, professor Rasim Əliquliyev sözügedən tarixin sonradan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) adlanan Beynəlxalq Teleqraf İttifaqının 17 may 1865-ci ildə əsasının qoyulması ilə bağlı olduğunu deyir:
"İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin 2005-ci ildə Tunisdə keçirilən ikinci mərhələsi çərçivəsində BMT Baş Assambleyasına 17 may tarixinin Beynəlxalq İnformasiya Cəmiyyəti Günü elan edilməsi ilə bağlı müraciət qəbul edilib. Beləliklə, Beynəlxalq Telekommunikasiya İttifaqı 2006-cı ildə 17 may tarixinin Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilməsi ilə bağlı qərar qəbul edib və hər il beynəlxalq səviyyədə dünyanın əksər ölkələrində 17 may tarixi ilə əlaqədar tədbirlər keçirilir. Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün əsas məqsədi və əhəmiyyəti internetdən və informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadənin cəmiyyət və ölkələrə verdiyi imkanlar, eyni zamanda rəqəmli fərqliliyin aradan qaldırılması ilə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsinə kömək göstərməkdən ibarətdir".
Bir tarixə 2 istiqamət üzrə baxış
Həmin tarix iki hissə, iki istiqamət üzrə qeyd olunur: "Birinci hissə olaraq, bu gündə hər bir təşkilatdan başlayaraq, ölkə, eyni zamanda beynəlxalq səviyyəyə qədər il ərzində əldə olunmuş nailiyyətlər haqqında hesabatlar verilir. İkinci hissə olaraq isə İnformasiya Cəmiyyətinə aid problemlər səsləndirilir, problemlərin həlli yollarının araşdırılması, eyni zamanda perspektivlər müzakirə edilir.
Ona görə də hər il bu günün Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən elan edilən müəyyən devizi olur və həmin deviz ətrafında fikir mübadiləsi aparılır. Onu da qeyd edim ki, BMT səviyyəsində İnformasiya Cəmiyyətinin texnoloji, həmçinin infrastrukturunun formalaşdırılması problemləri Beynəlxalq Telekommunikasiya İttifaqına həvalə edilib. Ona görə də bu günün tezisini BTİ müəyyənləşdirir".
Dünya "İnformasiya-kommunikasiya texnologiyaları və yol hərəkətinin təhlükəsizliyi" tezisi ətrafında
R.Əliquliyevin sözlərinə görə, bu ilin də əsas tezisi "İnformasiya-kommunikasiya texnologiyaları və yol hərəkətinin təhlükəsizliyi"dir: "Bu ilin tezisi də çox aktualdır. Çünki avtomobillərin sayının artması, o cümlədən ölkəmizdə də insanların avtomobillərlə təminat səviyyəsinin yüksəlməsi cəmiyyətdə müəyyən narahatçılıqlar da yaradır. Belə ki, çoxlu qəzalar baş verir ki, onların qarşısının alınması da aktual məsələlərdən birinə çevrilib. Bu istiqamətdə informasiya-kommunikasiya texnologiyaları, onların nəqliyyat sistemində də tətbiqi çox əhəmiyyətlidir. Ölkəmizdə bununla bağlı müəyyən tədbirlər həyata keçirilir. Yollarda radarların quraşdırılması, "Təhlükəsiz şəhər" aylığı çərçivəsində nəqliyyat vasitələrinin yol hərəkəti qaydalarına riayət edib-etməməsi üzrə monitorinqlərin keçirilməsi, digər tərəfdən, avtomobillərin texniki imkanlarının artırılması, həmçinin qeyri-düzgün idarəetmə ilə bağlı sürücünün nəqliyyat vasitəsi tərəfindən məlumatlandırılması, hətta sürücünün sərxoşluğunu müəyyən edən mexanizm əsasında nəqliyyat vasitəsinin işə düşməyərək, idarə edilməsinin qeyri-mümkünlüyü və s. kimi işlər aparılır".
İKT-nin nəqliyyat sisteminə tətbiqi yol hərəkətinin təhlükəsizliyinin keyfiyyətini artırır
AMEA rəsmisinin sözlərinə görə, müasir günümüzdə İKT digər sahələrdə olduğu kimi, nəqliyyat sistemində də geniş tətbiq olunmaqla, yol hərəkətinin təhlükəsizliyi istiqamətində görülən işlərin keyfiyyətini artırır:
"Ümumiyyətlə, ölkəmizdə Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü 2006-cı ildən etibarən qeyd olunur və bu günün ölkəmizdə qeyd olunmasının təşəbbüskarı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyidir. Nazirlik, həmçinin qeyri-hökumət təşkilatları, bu sahə üzrə maraqlı tərəflər ilk dəfə bu günü AMEA İnformasiya Texnologiyaları İnstitutuna yığışaraq qeyd ediblər. Hər il bu tarix Azərbaycanda çox yüksək səviyyədə qeyd olunur, müxtəlif seminar, konfrans və olimpiadalar keçirilir".
"İnformasiya təhlükəsizliyi problemləri üzrə I Respublika elmi-praktiki konfransı" keçiriləcək
Bu il də belə tədbirlərin təşkilinin istisna edilmədiyini deyən R.Əliquliyevin sözlərinə görə, "İKT ili" çərçivəsində qəbul edilmiş Tədbirlər Planının bir bəndi də ölkəmizdə 17 may- Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə, eyni zamanda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "İnformasiya təhlükəsizliyi problemləri üzrə I Respublika elmi-praktiki konfransı" keçiriləcək".
AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək konfransda "E-dövlətin informasiya təhlükəsizliyi problemləri", "İnformasiya mühafizəsi texnologiyaları", "İnformasiya təhlükəsizliyinin humanitar problemləri", "Fərdi məlumatların mühafizəsi", "İnformasiya təhlükəsizliyi standartları və sertifikatlaşdırma", "Şəbəkə, mobil və paylanmış sistemlərin təhlükəsizliyi", "Veb-sistemlərin təhlükəsizliyi", "Bulud texnologiyalarının təhlükəsizliyi", "Elektron imza və tətbiqi kriptoqrafiya", "Biometrik informasiya texnologiyaları", "İnformasiya təhlükəsizliyi insidentlərinin emalı", "İnformasiya təhlükəsizliyi risklərinin idarə edilməsi", "İnformasiya təhlükəsizliyi üzrə kadr hazırlığı problemləri" kimi istiqamətlər üzrə müzakirələr aparılacaq.
Müəyyən təhlükələrin hədəfinə çevrilmə riski
İnstitut rəhbəri informasiya təhlükəsizliyinin dünya səviyyəsində çox önəmli məsələ olduğunu da vurğulayır: "Artıq real sistemlərə, informasiya sistemlərinə, internetə, digər kritik sistemlərə, bank sisteminə informasiya təhlükələri qlobal təhlükələr səviyyəsinə gəlib çıxır. Ona görə də ölkəmizdə də informasiya təhlükəsizliyi məsələsinə diqqət artırılır. Çünki İKT-nin ölkəmizdə geniş tətbiq olunması, bunun nəticəsi olaraq, "Elektron hökumət", "Elektron elm" və digər mühüm sahələrin meydana çıxması bir tərəfdən yaxşıdırsa, digər tərəfdən biz müəyyən təhlükələrin hədəfinə çevrilirik".
Təhlükələrə yönələn kompleks yanaşma
R.Əliquliyevin sözlərinə görə, Azərbaycanda da formalaşan İnformasiya Cəmiyyətinin sözügedən təhlükələrə qarşı immunitetinin artırılması üçün kompleks işlər həyata keçirilməlidir:
"Yəni burada qanundan, beynəlxalq hüquqdan, beynəlxalq səviyyədə qəbul olunan konvensiyalara qoşulmaqdan başlayaraq, ölkədə informasiya təhlükəsizliyi ilə bağlı məsələlərin normativ-hüquqi bazasının gücləndirilməsi, kadrların hazırlanması, ayrı-ayrı qurumların məsuliyyətinin artırılması, informasiya təhlükəsizliyi ilə bağlı qəbul edilmiş standartların tətbiqi, insanlarda ümumi İnformasiya Cəmiyyəti, informasiya təhlükəsizliyi təfəkkürünün formalaşdırılması, informasiya hüququnun tətbiq olunması və s. kimi xeyli işlər görülməlidir. Ona görə də bütün bu məsələləri əsas tutaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti yanında fəaliyyət göstərən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu birgə hər il konfrans keçirirlər. 2013-cü ilin 7 mayı bizim üçün bir də ona görə əlamətdardır ki, ümummilli lider Heydər Əliyev tərəfindən qəbul edilmiş İKT üzrə Milli Strategiyanın qəbul edilməsindən düz 10 il ötür. Deyərdim ki, bu gün Azərbaycanda İnformasiya Cəmiyyətinə ən yaxşı diqqət, ən yaxşı reaksiya və ən yaxşı münasibətin göstəricisi respublika prezidenti tərəfindən 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsidir. Dövlət siyasətinin mühüm elementi kimi "İKT ili"nin qəbul edilməsi dünya ölkələri arasında ilk təşəbbüs və unikal hadisədir".
Həqiqət İSABALAYEVA
17/05/13 Çap et