Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Kosmik fəaliyyət” haqqında qanun layihəsi hazırlanır
Bu gün bütün dünyada peyk sənayesi ən innovativ və texnoloji cəhətdən inkişaf etmiş və son dərəcə gəlirli sənaye sahələrindən biri sayılır. Bu amili əsas tutan ölkələr peyk sənayesinin inkişafına xüsusi diqqət ayırmaqda maraqlıdırlar.
"Azerspace-1" telekommunikasiya peykini orbitə qaldırmaqla peyk sənayesinin inkişafında yeni mərhələ açan Azərbaycanda da sözügedən sahə vacib və strateji məqsədlərə daxildir.
Təsadüfi deyil ki, respublika prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiqlənən "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının başlıca istiqamətləri sırasında məhz bu sahənin inkişaf etdirilməsi də diqqət mərkəzindədir. Belə ki, telekommunikasiya peyklərinin geostasionar orbitə çıxarılması nəticəsində etibarlı peyk rabitəsi təmin ediləcək və bununla ölkənin informasiya təhlükəsizliyi gücləndiriləcək.
İnformasiya mübadiləsinin xarici ölkələrdən asılılığı aradan qaldırılacaq
Telekommunikasiya şəbəkəsində yeni texnologiyaların tətbiqi genişləndiriləcək, milli radio və televiziya proqramlarının peykdən paket yayımı təşkil ediləcək. Eyni zamanda, aşağıorbitli peyklərin orbitə çıxarılması nəzərdə tutulur ki, bu da ölkədə ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, topoqrafiya və kartoqrafiya, eləcə də milli təhlükəsizlik sahəsində fəaliyyəti daha səmərəli edəcək.
Ümumiyyətlə, Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin, o cümlədən digər çoxməqsədli peyklərin orbitə çıxarılması ilk növbədə informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması və informasiya təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda ölkədə yeni iqtisadi sahələr üzrə mövcud insan ehtiyatları və intellektual potensialın inkişaf etdirilməsi, elm tutumlu yeni layihələrin həyata keçirilməsi və nəticə etibarilə innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması istiqamətində aparılan işlər arasında öz xüsusi və strateji əhəmiyyəti ilə seçilir.
Kosmik fəzanın tədqiqi və istifadəsi ilə bağlı 1967-ci il Müqaviləsinə qoşulmaq üzrə işlər aparılır
Sahənin inkişafı ilə bağlı bu gün "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı" da icra edilir ki, müvafiq proqram üzrə məsul icraçı məhz Rabitə və İnformasiya Texnologiyaları Nazirliyidir.
Dövlət Proqramının əsas məqsədi respublikada kosmik sənayenin yaradılması və inkişaf etdirilməsi, dövlət strukturlarının peyk rabitəsinə olan tələbatının ödənilməsi, regionlarda əhalinin teleradio yayımına artan tələbatının təmin edilməsi, ölkənin beynəlxalq rabitə kanallarının artırılması və kosmik fəzadan səmərəli istifadə etməklə iqtisadi, sosial, elmi, mədəni, təhlükəsizlik və s. sahələrin inkişaf etdirilməsidir. Kosmik sənaye sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, respublikanın kosmik sənaye potensialının möhkəmləndirilməsi, kosmik sənaye texnikasının inkişafı, yeni rabitə xidmətlərinin təşkili, teleradio yayımı, Yerin məsafədən zondlanması, hidrometeorologiya, ekoloji monitorinq, fövqəladə hallara nəzarət, kosmik tədqiqatlar, axtarış və xilasetmə üzrə proqramlar və s. bu sahənin inkişafına geniş perspektivlər yaradacaq.
Ötən müddətdə nazirlik tərəfindən həyata keçirilən işlərə gəlincə, ilk növbədə qeyd edək ki, Azərbaycan peyk sahəsində bir sıra beynəlxalq konvensiya və komitələrə üzv olub. Hazırda ölkəmizin "Ay və digər sima cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyətinin prinsipləri haqqında" 1967-ci il Müqaviləsinə qoşulması üzrə işlər aparılır.
Koordinasiya tələb edən bütün peyk şəbəkələri ilə maneə təsirləri xüsusi proqram təminatı vasitəsilə araşdırılır
Bundan başqa, Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən Azərbaycana 2 planlı orbital mövqe 95.9 E və 23.02 E ayrılıb. Plandankənar tezliklər üçün 95.9 E orbital mövqeyi ilə bağlı BTİ-yə müraciət edilib və BTİ tərəfindən koordinasiya tələbləri nəşr edilib. Eyni zamanda RİTN-in apardığı araşdırmalar nəticəsində 62 E orbital mövqeyi əlverişli hesab edilərək, BTİ-yə müraciət edilib və müraciətə əsasən, "Azersat C" (62E) peyk şəbəkəsi BRİFİK-də dərc olunub. Həmçinin BTİ tərəfindən koordinasiya tələb olunan bütün peyk şəbəkələri ilə maneə təsirləri xüsusi proqram təminatı vasitəsilə araşdırılır. Hazırda 6 peyk şəbəkəsi üzrə koordinasiya işləri davam etdirilir.
Orbital mövqelərin qeydiyyata alınması üçün mütəmadi işlər aparılır
Orbital mövqelərin qeydiyyatı ilə bağlı BTİ ilə müvafiq tədbirlərin görülməsinə gəlincə, bu sahədə də mütəmadi işlər aparılır. Belə ki, orbital mövqelərin qeydiyyata alınması üçün BTİ tərəfindən tələb olunan ölkələrlə koordinasiya işləri tamamlanmalıdır. Hazırda BTİ-nin prosedur qaydalarına uyğun müvafiq tədbirlər görülməklə koordinasiya işləri aparılır.
Həmçinin "Azərbaycan Respublikasına ayrılmış orbital mövqelərdən Azərbaycan Respublikasının sahiblik və istifadə hüquqlarının qorunması üçün tədbirlərin görülməsi" bəndi də mütəmadi olaraq icra edilir.
Mövqelərin sahiblik və istifadə hüquqlarının qorunması üçün hər ay BTİ-dən daxil olan BRİFİK-lər araşdırılır
Belə ki, orbital mövqelərin sahiblik və istifadə hüquqlarının qorunması üçün hər ay BTİ-dən daxil olan BRİFİK-lər mütəmadi araşdırılır və bizim peyk şəbəkələrinə maneə təsiri yarada biləcək hallar nəzərə alınaraq, peyk şəbəkəsinin qeydiyyatı haqda BTİ-yə müraciət edən ölkələrə bizimlə koordinasiya edilməsinin zəruriliyi haqda məktublar göndərilir. Azərbaycanın orbital mövqeləri BTİ-də tam qeydiyyata düşdükdən sonra bu mövqelərin qorunması üçün BTİ-nin Radioreqlamentinə uyğun tədbirlər görüləcək.
Eyni zamanda "Peyk şəbəkə və qurğuları üçün ehtiyat hissə və elementlərinin bazasının, kiçik tutumlu peyklərin sahə üzrə digər avadanlıqlarının hazırlanması ilə bağlı tələbatı öyrənməklə təkliflərin hazırlanması", "Çoxməqsədli peyklərdən kosmik informasiyanın əldə edilməsi, qəbulu və emalı üçün avadanlıqların alınması, onun ölkənin aidiyyəti strukturlarına çatdırılması üçün tədbirlərin görülməsi" kimi müvafiq bəndlər üzrə də işlər davam etdirilir. Bundan başqa, sözügedən proqramda "Peykin idarə edilməsi və istismarı, kosmik avadanlıqların istehsalı, kosmik məlumatların alınması və emalı üzrə kadr hazırlığı", həmçinin "Kadrların hazırlanması sahəsində qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi və xarici mütəxəssislər cəlb edilməklə tədrisin təşkil edilməsi" üzrə mütəmadi işlərin aparılması da yer alıb.
"Azerspace-1" kommersiya fəaliyyətinə tam başlayıb
Proqramda nəzərdə tutulan müvafiq bəndlərə uyğun olaraq, 8 fevral 2013-cü il tarixində "Azerspace-1" telekommunikasiya peyki Fransız Qvianasında yerləşən Kuru kosmodromundan geostasionar orbitə buraxılıb. "Azerspace-1" peykinin orbitdəki bütün sınaq prosesləri uğurla başa çatdıqdan sonra peykin idarəetməsi 2 aprel 2013-ci il tarixindən etibarən "Azərkosmos" ASC-yə təhvil verilib və peyk kommersiya fəaliyyətinə tam başlayıb. Sözügedən peykin ardınca milli kosmik sənayenin inkişafı məqsədilə növbəti peyk layihələrinin həyata keçirilməsi də nəzərdə tutulur.
Belə ki, aşağıorbitli məsafədən zondlama peyklərinin və 2-ci telekommunikasiya peykinin hazırlanması istiqamətində də işlər aparılır. Qarşıdakı planlara əsasən, kosmik sənayenin inkişaf etdirilməsini hədəf götürən Azərbaycan aşağıorbitli peykini 2015-ci ildə, ikinci telekommunikasiya peykini isə 2016-cı ildə kosmosa buraxmağa hazırlaşır.
Milli TV və radio proqramları paketinin "Azərspace" vasitəsilə yayımının təşkili üzrə işlər aparılır
Qeyd edək ki, Azərbaycan Respublikasında 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı Rabitə və İnformasiya Texnologi¬yaları Nazirliyi üzrə hazırlanan Tədbirlər Planında peyk sənayesi ilə bağlı tədbirlər də yer alıb. Belə ki, ilk növbədə "Kosmik fəaliyyət" haqqında qanun layihəsinin hazırlanması nəzərdə tutulur.
Bu işin icrası RİTN-in Dövlət Müəssisələrinin Fəaliyyətinin Əlaqələndirmə Şöbəsi (DMŞ) və "Azərkosmos"ASC-yə həvalə edilib. Həmçinin hazırda DMŞ, "Teleradio" İB, Dövlət Radiotezliklər İdarəsi, "Azərkosmos" ASC tərəfindən milli TV və radio proqramları paketinin "Azərspace" peyki vasitəsilə yayımının təşkili ilə bağlı işlər aparılır. Eyni zamanda DVB-T əsas (açıq) paketin "Azərspace" peykinə çıxarılması üçün təkliflərin hazırlanması da "İKT ili" ilə bağlı Tədbirlər Planında yer alan əsas istiqamətlərdəndir.
Həqiqət İSABALAYEVA
18/05/13 Çap et