Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
KREYQ BARRET - müasir informasiya texnologiyaları sektorunun görkəmli nümayəndəsi
"Intel" korporasiyasının dördüncü icraçı direktoru olmuş Kreyq Barret dünyada müasir informasiya texnologiyaları sektorunun görkəmli nümayəndələrindən biri olaraq qəbul edilir.
Həyatı
K.Barret 1939-cu il, 23 avqust tarixində San-Fransisko şəhərində (ABŞ, Kaliforniya) dünyaya göz açıb. O, orta məktəbdə təhsil aldığı dövrdə fizika və riyaziyyatla yaxından maraqlanır. Kreyq 1957-ci ildə Stenford Universitetinə daxil olur, bakalavriatura və magistratura pillələri üzrə təhsilini tamamlayan Barret 1964-cü ildə materialşünaslıq sahəsi üzrə elmlər doktoru elmi dərəcəsinə layiq görülür.
Bundan sonra universitetdə pedaqoji fəaliyyətlə məşğul olmağa başlayır, 10 il materialşünaslıq və mühəndislik elmləri fakültəsində dərs deyir, adyunkt-professor olur. Qeyd etmək lazımdır ki, Barretin elm və təhsilə olan marağı indi də azalmayıb. Belə ki, o, qabaqcıl kompüter texnologiyalarını bütün dünyada təbliğ edərək bir çox maarifləndirici proqramlarda iştirak edir. Barretin maarifçilik fəaliyyəti yalnız öz vətənində - ABŞ-da deyil, həmçinin dünyanın bir çox ölkələrində layiqincə qiymətləndirilir. O, Amerikanın, Avropanın və Asiyanın ən böyük elmi mərkəzlərində arzulanan qonaqdır.
1974-cü ildə Kreyq Stenford Universitetindəki işini tərk edərək "Intel" şirkətində çalışmağa başlayır. O, korporasiyada texnologiyaların inkişafı üzrə menecer vəzifəsinə təyin olunur. Burada ona kompüter sənayesinin əfsanələri - Robert Noys, Qordon Mur və Endru Qrouv ilə birlikdə çalışmaq nəsib olur.
Bu da Barretin gələcək uğurlu fəaliyyətinə təkan verir. Çalışqanlığı və səriştəsi Kreyqə on il sonra "Intel"in böyük vitse-prezidenti postunu tutmağa kömək edir, 1990-cı ildə isə icraçı vitse-prezident olur. 1992-ci ildə onu "Intel" Direktorlar Şurasına seçirlər, 1993-cü ildə Əməliyyatlar üzrə əsas direktor vəzifəsinə təyin olunur. 1997-ci ilin mayında Kreyq Barret "Intel"in prezidenti, 1998-ci ildən həmçinin şirkətin əsas icraçı direktoru olur.
Kreyq Barret 2009-cu ilin may ayında şirkəti tərk edib. Məlumat üçün bildirək ki, həmin dövrdə maliyyə böhranı ilə bağlı korporasiyanın mənfəəti aşağı düşmüşdü. Belə ki, 2008-ci maliyyə ilinin dördüncü rübünün yekunları üzrə şirkətin gəliri 2007-ci ilin həmin dövrü ilə müqayisədə 90% azalmışdı. Şirkətdən getdikdən sonra Barret "World Ahead" proqramını həyata keçirir və BMT-də informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı üzrə fəaliyyətini davam etdirir.
"Intel" korporasiyası haqda
"Intel Corporation" elektron avadanlıqlar, kompüter komponentləri, mikroprosessorlar, sistem məntiqi qurğuları və s. istehsal edir. Mənzil qərargahı ABŞ-ın Kaliforniya ştatının Santa-Klara şəhərində yerləşir. Korporasiyanı Robert Noys və Qordon Mur "Fairchild Semiconductor" şirkətindən getdikdən sonra 18 iyul 1968-ci ildə təsis ediblər. Sonradan onlara Endru Qrouv da qoşulub. Şirkətin biznes planı Robert Noysun çap maşınında hazırlanmışdı və cəmi bir səhifə təşkil edirdi.
"Intel" 1971-ci ildə "Busicom" yapon şirkəti ilə əməkdaşlıq etdikdən sonra ilk uğurunu qazanır. O zaman "Intel" on iki xüsusi mikrosxemə sifariş alır, ancaq mühəndis Ted Hofun təklifi ilə bir ədəd universal "Intel 4004" mikpoprosessoru hazırlayır. Bu qurğunun gücü o dövrün ən güclü qurğuları səviyyəsində idi. Sonradan "Intel 8008" hazırlanır. "IBM" korporasiyası "Intel 8088" mikroprosessorlarını "IBM PC" fərdi kompüterlərində istifadə etdi. Bu, şirkət üçün böyük uğur idi.
1993-cü ildə "Intel" korporasiyası "Pentium" prosessorunu təqdim etdi. O, məhsuldarlığa görə "i486" prosessorunu 5 dəfə, "8088" prosessorunu isə 300 dəfə üstələyirdi. "Pentium" prosessoru 3.1 milyon tranzistordan ibarət idi, 66 və 60 MHs baza takt tezliyinə malik idi.
Onun metodikası sayəsində "Intel" İT sahəsinin liderlərindən birinə çevrildi
Barretin korporasiyaya rəhbərlik etdiyi birinci il "Intel" korporasiyası 7,5 milyon tranzistora malik "Pentium II" mikroprosessorlu, MMX texnologiyasına əsaslanan ilk prosessoru təqdim etdi. Bundan sonra, hüceyrələrin çoxsəviyyəli strukturuna əsaslanan, "StrataFlash" adlandırılan, "Intel"in ilk fləş-yığıcısı hazırlandı. Barretin korporasiyanı idarə etdiyi illər ərzində "Celeron", "Xeon", "Pentium III və IV" kimi məşhur məhsullar istehsal olundu. Beləliklə, "Intel" şirkəti dünyada böyük həcmdə illik dövriyyəsi olan ən böyük mikroprosessor təchizatçısı oldu.
Kreyq özünü dəmir iradəli və təmkinli bir insan kimi tanıtdıra bilmişdi. O, sonuna kimi öz nöqteyi-nəzərini inadla sübut edirdi. Hər hansı problemi həll edərkən ətraflı plan hazırlayırdı, sonra konkret işə başlayırdı. Məsələlərin həllinə özünəməxsus yanaşmadan əlavə, Barret istehsalın çox gözəl optimizatoru kimi "Intel" və biznes prosesləri tarixinə düşə bilib. O, şirkətin bütün fəaliyyətinin ümumi unifikasiyası ilə nəticələnən "dəqiq kopyalama" adlandırılan metodikanın ixtiraçısı oldu. Belə ki, "Intel"in bütün müəssisələrində istehsala, marketinqə və idarəetməyə eyni yanaşma hökm sürürdü.
Bu metod eyni zamanda korporasiyanın bütün müəssisələrində hazırlama və istehsalın yeni texnologiyalarını tətbiq etməyə kömək etdi, məhsulun keyfiyyətini yüksəltdi və şirkətin İT-bazarın lideri kimi irəliləyişinə imkan yaratdı.
Kreyq Barret aviasiya sənayesindən başlayaraq ətraf mühitin müdafiəsinə qədər elm, biznes və ictimai həyatın müxtəlif sahələrində mükafat və medallara layiq görülüb. Hələ 1969-cu ildə Amerika dağ və metallurgiya sənayesi mühəndisləri institutu tərəfindən Hardi adına qızıl medal ilə təltif edilib.
Bu gün Barret ABŞ-ın Milli Mühəndislik Akademiyasının üzvüdür, həmçinin müxtəlif materialların xüsusiyyətlərinə mikrostrukturun təsiri üzrə 40-dan çox texniki məqalənin müəllifidir. Bundan başqa, o, materialşünaslığın əsasları üzrə dərslik yazıb. Sözügedən dərslik ötən əsrin 70-ci illərində dərc edilib və indiyə qədər ABŞ-ın ali təhsil müəssisələrində geniş istifadə olunur. ABŞ təhsil nazirinin təqdimatı əsasında Kreyq Barret 1999-cu ildə XXI əsrin Təbiətşünaslıq və Riyazi Təhsil üzrə Milli Komissiyanın tərkibinə daxil edilib.
Məlumat üçün qeyd edək ki, Kreyq Montana ştatında ranço sahibidir. O, rançonu 1993-cü ildə əldə edib və onu turist biznesi üçün uyğunlaşdırıb. Barret vaxtaşırı orada öz asudə vaxtını keçirir.
K.Barret bir neçə il öncə ölkəmizdə səfərdə olub
Xatırladaq ki, 2008-ci ilin iyun ayında K.Barret ölkəmizə səfər edib. Səfərin məqsədi Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarından istifadə səviyyəsi ilə tanış olmaq, təhsil sahəsi üzrə həyata keçirilən proqramlara dəstək vermək olub. Onun səfəri zamanı "Intel" şirkəti, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Təhsil Nazirliyi arasında informasiya texnologiyaları sahəsində əməkdaşlığa dair protokol imzalanıb.
Cahangir Atakişiyev
18/05/13 Çap et