“İKT sektoru rəqəmlər və faktlar”
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) qiymətləndirməsinə əsasən, 2013-cü ilin sonunadək internetdən 2,7 milyard insan və ya dünya əhalisinin 39%-i istifadə edəcək. Bununla belə, inkişaf etməkdə olan ölkələrdə internetə çıxış imkanı məhdud olaraq qalacaq. Proqnoza əsasən, 2013-cü ilin sonunda inkişaf etməkdə olan ölkələrdə yaşayan əhalinin 31%-i internetə çıxış imkanına malik olacaq. Müqayisə üçün qeyd edək ki, inkişaf etmiş ölkələrdə bu göstərici 77%-dir.
Regionlar üzrə internet istifadəçilərinin sayı
Avropa internetə nüfuzetmə səviyyəsinə (77%) görə dünyada birincidir, sonrakı yerdə Şimali və Cənubi Amerika (61%) regionu qərarlaşıb. Müstəqil Dövlətlər Birliyi (MDB) (52%) üçüncü, daha sonra Ərəb dövlətləri (38%), Asiya-Sakit okean regionu (32%) və Afrika (16%) gəlir.
İspaniyanın Barselona şəhərində keçirilən Dünya Mobil Konqresində çıxış edən BTİ-nin baş katibi Hamadun İ. Ture deyib: "Biz yeni əsrin ilk on illiyində böyük nəticələrə nail olduq. Bununla belə, hələ görüləsi çox işimiz var. Planetin əhalisinin 66%-i və ya təxminən 4,5 milyard insan əvvəlki kimi internetə çıxış imkanına malik deyil. Bu o deməkdir ki, planetin əhalisinin 66%-i hələ də dünyanın ən böyük və qiymətli kitabxanasından istifadə imkanından məhrumdur. Problemin həlli yollarından biri mobil genişzolaqlı rabitədir və biz planetin bütün əhalisinin internetə çıxış imkanını təmin etmək üçün göstərdiyimiz səyləri davam etdirməliyik".
İnternetə çıxış imkanına malik ev təsərrüfatları
İnternetin ev təsərrüfatlarına nüfuzetmə səviyyəsi artmağa davam edir. BTİ-nin qiymətləndirməsinə əsasən, 2013-cü ilin sonunadək təxminən 750 milyon ev təsərrüfatı internetə çıxış imkanına malik olacaq, həm də onların 50%-i inkişaf etməkdə olan ölkələrin payına düşəcək.
2009-2013 illərdə ev təsərrüfatları üzrə internetə ən sürətli nüfuzetmə səviyyəsi Afrika regionunda qeydə alınıb. Adıçəkilən regionda illik artım 27% təşkil edib. Daha sonrakı yerlərdə Asiya-Sakit okean regionu, ərəb dövlətləri və MDB dövlətləri qərarlaşıb.
Lakin bu müsbət tendensiyalara baxmayaraq, internetə çıxış imkanına malik olmayan ev təsərrüfatlarının 90%-i inkişaf etməkdə olan ölkələrin payına düşür. Ev təsərrüfatları üzrə internetin nüfuzetmə səviyyəsi ən yüksək və ən aşağı olan regionlar Avropa (77%) və Afrika (7%) sayılır.
Gender bərabərsizliyi
İnternet istifadəçiləri arasında kişilərin sayı daha çoxdur: internetə qoşulanların 37%-i və ya 1.3 milyardı qadın, 41%-i və ya 1.46 milyardı isə kişidir.
Gender bərabərsizliyi inkişaf etməkdə olan ölkələrdə xüsusilə nəzərə çarpır: sözügedən ölkələrdə 826 milyon qadın, 980 milyon isə kişi internet istifadəçisi yaşayır. İnkişaf etmiş ölkələrdə bu göstərici müvafiq olaraq 475 və 483 milyon təşkil edir.
İnternetə yüksəksürətli çıxış
Genişzolaqlı rabitənin sürətində fərqlər hələ də mövcuddur. Yüksəksürətli genişzolaqlı rabitənin (ən azı 10 Mbit/s) tətbiqi üzrə ən yüksək göstəricilər Asiya regionunun Koreya Respublikası, Honkonq (Çin) və Yaponiya, həmçinin Avropanın Bolqarıstan, İslandiya və Portuqaliya ölkələrində qeydə alınıb.
Afrikada stasionar genişzolaqlı rabitə üzrə müqavilələrin 10%-i internetə ən azı 2 Mbit/s sürətlə çıxış imkanını təmin edir.
Qiymət əl yetərliyi və artım
Son 5 il ərzində stasionar genişzolaqlı rabitənin qiyməti adambaşına düşən ümumi milli gəlirin 82%-i təşkil edir. Belə ki xidmətlər qiymət baxımından daha da əlçatan olduğundan stasionar genişzolaqlı rabitənin tətbiqi sürətlə artır. Hazırda stasionar genişzolaqlı rabitə üzrə təxminən 700 milyon müqavilə hesablanır.
2013-cü ilin sonunadək inkişaf etməkdə olan ölkələrdə stasionar genişzolaqlı rabitə üzrə müqavilələrin ümumi sayının inkişaf etmiş ölkələrin göstərəcisini ötəcəyi gözlənilir. Lakin hələ stasionar genişzolaqlı rabitənin nüfuzetmə səviyyəsi üzrə göstəricilərdə (inkişaf etməkdə olan ölkələrdə 6.1%, inkişaf etmiş ölkələrdə 27,2%) böyük fərq mövcuddur.
Mobil genişzolaqlı rabitənin dəyəri
Mobil genişzolaqlı rabitə üzrə müxtəlif texnologiyalar arasında rəqabət mobil rabitə operatorlarını vaxtaşırı xidmət paketləri və qiymətləndirmə ilə əlaqədar yeniliklər həyata keçirməyə məcbur edir. "İKT sektoruna aid fakt və rəqəmlər, 2013" adlanan hesabatda mobil genişzolaqlı rabitə üçün bazarda təklif edilən dörd tipik tarif planının təhlili aparılıb: mobil telefon əsasında sonrakı ödəniş və qabaqcadan ödənişlə olan tarif planları və kompüter əsasında sonrakı ödəniş və qabacadan ödənişlə olan tarif planları.
Hesabatda nəzərdən keçirilən dörd tarif planı üzrə bütün regionlarda ən ucuzu mobil telefon üzrə göstərilən sonrakı ödənişlə xidmətlər, ən bahalısı isə kompüter üzrə göstərilən əvvəlcədən ödənişlə xidmətlərdir.
Emil Hüseynov