Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Naxçıvanda “Fiber to home” layihəsinin icrası sayəsində əhalinin internetdən istifadə imkanları artıb


Naxçıvan Muxtar Respublikasının mövcud telekommunikasiya şəbəkəsinin 89%-i optik şəbəkəyə qoşulub.

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, optik şəbəkənin genişləndirilməsi evlərə də optik kabelin çəkilməsinə imkan verib. "2012-ci ilin avqust ayından etibarən Naxçıvan şəhərində "Evədək optika" (Fiber to home) layihəsinin icrasına başlanıb.

Bununla yanaşı, telekommunikasiya əlaqələrinin alternativliyinin təmin edilməsi məqsədilə Sədərək-Ordubad arası yeni böyük tutumlu fiber-optik kabel xəttinin tikintisinə başlanılıb. Ümumilikdə, çəkilmiş fiber-optik telekommunikasiya xətlərinin uzunluğu 674 kilometrə çatdırılıb, fiber-optik telekommunikasiya şəbəkəsinin genişlənməsi əhalinin internetdən istifadə imkanlarını xeyli artırıb.

Görülmüş işlər nəticəsində Muxtar respublikaya daxil olan internetin sürəti artırılıb, ümumtəhsil məktəblərində quraşdırılan kompüterlərin 83%-i internetə qoşulub, internet xidmətlərinin tarifləri endirilib",- nazirliyin məlumatında bildirilib.

Hazırda yaşayış ərazilərinin 80%-də simsiz internet, 65%-də isə genişzolaqlı internet xidmətləri göstərilir.
Kompüterdən istifadə edənlərin sayı 300 mindən, internetdən istifadə edənlərin sayı isə 344 mindən artıq təşkil edir.

Aynur Vəliyeva




21/05/13    Çap et