Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mədəniyyət və Turizm Nazirliyi milli elektron xəritədən daha səmərəli istifadə etməyi məsləhət görür


Mədəniyyət və Turizm Nazirliyi milli elektron xəritə "GoMap.az"-dan daha səmərəli istifadə etməyi məsləhət görür. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər ki, "GoMap.az" elektron xəritəsi bir çox xüsusiyyətlərinə görə "Google Maps"dan üstündür. Belə ki, "GoMap"-da Azərbaycan xəritəsi daha təfərrüatı ilə verilmişdir və müasir geoinformasiya standartlarına uyğun servislərə malikdir.

Bundan əlavə, "Google Maps" Azərbaycanın xəritəsini yalnız peyk vasitəsilə edilən fotoçəkilişlər vasitəsilə qurmuşdursa, "GoMap"ın hazırlanması zamanı GPS qurğularından istifadə edilmişdir və bu da xəritənin son dərəcə dəqiqliyini təmin etmişdir.

"GoMap" elektron xəritəsi hazırda Azərbaycan və Gürcüstan üzrə ən geniş məlumatları əhatə edir. Hazırda xəritəyə 126 000 POİ maraq nöqtəsi, 77 630 km yol hərəkəti qaydaları ilə avtomobil yolları, 40 992 km2 yaşıllıqlar, 960 0000 km2 su hövzələri, 54 630 km çaylar, kanallar və suötürücü sistemlər haqda məlumat daxildir. "GoMap.az" elektron xəritəsində həmçinin Bakı və Sumqayıtın ictimai nəqliyyatının marşrutlarını izləməyə imkan verən servis də istismardadır.

Xəritənin funksionalı ictimai nəqliyyatın dayanacaq yerlərini də müəyyənləşdirməyə imkan verir. "Google Maps"da belə geniş məlumatlar verilməmişdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılmış "GoMap.az" regionda milli resurslara əsaslanaraq yaradılmış ilk elektron xəritədir.

Bundan əlavə, "GoMap" nəinki Azərbaycanı, həm də Gürcüstanı əhatə edir. Bu isə layihədə olan peşəkar yanaşmanı və layihənin inkişaf strategiyasını nümayiş etdirir.




22/05/13    Çap et